Azərbaycan Mərkəzi Bankı “Qala-Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş verib.
Bu barədə Banker.az AMB-dən məlumat daxil olub.
Belə ki, AMB tərəfindən “Qala-Həyat” Sığorta Şirkəti ASC-yə “Sığortaçılarda korporativ idarəetmə Standartları”na əməl olunmaması ilə əlaqədar olaraq “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi olan göstəriş verilmişdir.
Həmin qanun 102-ci maddəsinə əsasən, Mərkəzi Bank sığorta şirkətləri, aktuarilər, müstəqil ekspertlər və sığorta vasitəçilərinin fəaliyyətində qanun pozuntuları aşkar etdikdə onlara məcburi icrası olan yazılı təqdimat verir. Bu təqdimat maliyyə sabitliyinin təmin edilməsi, filialların fəaliyyətinə məhdudiyyət qoyulması, daxili nəzarətin gücləndirilməsi, qanun pozuntularının aradan qaldırılması və rəhbər şəxslərin vəzifədən kənarlaşdırılması kimi tələbləri əhatə edə bilər. Həmçinin sənədlərin təqdim edilməsi, sağlamlaşdırma planlarının icrası və əsassız rədd edilən sığorta ödənişlərinin yerinə yetirilməsi tələb olunur. Təqdimatda səbəblər və son tarixlər göstərilir və yerinə yetirilmədikdə Mərkəzi Bank sərəncam vermək səlahiyyətinə malikdir.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.








