7 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bankın 2023-cü il üzrə pul siyasətinin başlıca istiqamətləri

Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında 2023-cü il üzrə pul siyasətinin başlıca istiqamətləri açıqlanıb.

Banker.az olaraq həmin istiqamətləri təqdim edirik:

2023-cü ildə Mərkəzi Bankın pul siyasəti qiymət sabitliyinin təmin olunmasına yönəldiləcəkdir. Pul siyasəti ilə bağlı qərarlar illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşmasından asılı olaraq veriləcəkdir. Növbəti ildə də pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir.

Pul siyasətinin məqsədi növbəti ildə də qiymət sabitliyinin təmin olunması olacaqdır. İnflyasiya hədəfi üzrə kəmiyyət parametrləri dəyişməz saxlanılır. Mövcud monetar şəraitin saxlanılması 2023-cü ildə illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşma səviyyəsindən asılı olacaqdır. İllik inflyasiya göstəricilərinin və proqnozlarının hədəfə yaxınlaşması baş verərsə, ilk olaraq monetar şəraitin dəyişilməz saxlanılması, sonrakı mərhələdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcəkdir.

Xarici mühitlə bağlı yüksək qeyri-müəyyənliklər növbəti ilə inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir. Növbəti ildə də dünya bazarında birja əmtəələrinin qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və daşınma xərcləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcəkdir. Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır. Artmaqda davam edən inflyasiya təzyiqlərinin inersiyası nəzərə alınmaqla onun azalması tədricən baş verəcəkdir və bu proses gözlənildiyindən daha uzun çəkə bilər.

Pul siyasəti yürüdülərkən inflyasiya proseslərinə məzənnənin ötürücülük potensialı 2023-cü ildə də nəzərə alınacaqdır.

Növbəti ildə də faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici və daxili amillərin inflyasiyaya təsirləri, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir. Əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də faiz dəhlizinin Mərkəzi Bankın İdarə Heyətində öncədən ictimaiyyətə açıqlanmış qrafikə (əlavə olunur) uyğun müzakirəsi nəzərdə tutulur. Faiz dəhlizi banklararası qısamüddətli pul bazarında vəsaitlərin yerləşdirilməsi və cəlb edilməsinin alternativ dəyəri kimi istifadə ediləcəkdir. Pul siyasətinin inflyasiyaya zaman intervalı ilə təsirini nəzərə alaraq, Mərkəzi Bank pul siyasətinə dair qərarları proqnoz inflyasiyanın hədəfdən ortamüddətli kənarlaşma səviyyəsindən asılı olaraq qəbul edəcəkdir. Bu zaman faiz, kredit və gözlənti kimi transmissiya kanallarının təsir gücü nəzərə alınacaqdır.

Pul siyasətinin əməliyyat hədəfi olaraq pul bazarında qısamüddətli faizlərin Mərkəzi Bankın faiz dəhlizinə yaxınlaşması üçün 2023-cü ildə Mərkəzi Bank arsenalındakı bütün alətlərdən adekvat istifadə edəcəkdir. Likvidliyin idarə edilməsində məcburi ehtiyatlardan, daimi imkan alətlərindən və açıq bazar əməliyyatlarından istifadə ediləcəkdir. Alətlərin kəmiyyət parametrlərinə və müddətinə dair qərarlar bank sisteminin likvidlik mövqeyindən asılı olaraq operativ şəkildə veriləcəkdir.

Pul siyasətinin təkmilləşdirilməsi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq “İnflyasiya hədəflənməsi rejiminə keçidin baza şərtlərinin formalaşdırılması” çərçivəsində həyata keçiriləcəkdir. Ölkədə valyuta bazarında təklif kanallarının şaxələndirilməsi, maliyyə sektorunun dərinliyinin artırılması, nağd-kölgə iqtisadiyyatının məhdudlaşdırılması və makroiqtisadi koordinasiyanın effektivliyinin gücləndirilməsi inflyasiyanın hədəflənməsi rejiminə keçidə şərait yaradacaqdır.

Yeni rejimə keçidin baza şərtlərinin formalaşdırılması istiqamətində Mərkəzi Bank tərəfindən pul siyasəti alətlərinin və pul bazarının infrastrukturunun təkmilləşdirilməsi davam etdiriləcəkdir. Mərkəzi Bankın faiz dəhlizinin effektivliyinin artırılması, o cümlədən banklararası pul bazarında qısamüddətli faizlərin dəhlizin aşağı həddinə yaxın idarə olunması imkanlarına baxılacaqdır. Mərkəzi Bankda təhlil və proqnozların hazırlanması üçün modellərin modernləşdirilməsi, proqnoz göstəricilərinin çeşidinin genişləndirilməsi xüsusi diqqətdə saxlanılacaqdır. Pul siyasətinin kommunikasiyasının əhatə dairəsinin genişləndirilməsini və aydın olmasını təmin etmək üçün daim işlər aparılacaqdır.

Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank bank ictimaiyyəti, maliyyə bazarlarının peşəkar iştirakçıları və müstəqil ekspertlər ilə aktiv dialoqu davam etdirəcəkdir. Yeni bank qanunvericiliyinin qəbul edilməsi Mərkəzi Bankın mandatının effektiv həyata keçirilməsinə zəruri dəstək verəcəkdir.

İnflyasiyanın hədəflənməsi rejiminə keçid istiqamətində görülən işlər tədricən inflyasiya proseslərinin faiz dərəcələri vasitəsilə idarə edilməsinə imkan verəcəkdir. İnflyasiyanın hədəf çərçivəsində idarə edilməsi əhəmiyyətli dərəcədə makroiqtisadi siyasət institutları arasındakı koordinasiyanın effektivliyindən asılı olacaqdır. İnflyasiyaya qeyri-monetar faktorların təsir potensialını nəzərə almaqla iqtisadi siyasətin bütün istiqamətləri, xüsusilə fiskal və monetar siyasət arasında koordinasiyanın gücləndirilməsi təşəbbüsləri davam etdiriləcəkdir. Qəbul edilmiş strategiyaya uyğun olaraq ölkədə həyata keçirilən struktur-institusional islahatlar rəqabət mühitini yaxşılaşdırmaqla inflyasiya təzyiqlərinin yumşaldılmasına da təsir etməlidir.

Pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafiki

2023-cü ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcəkdir:

  • 1 fevral
  • 29 mart
  • 3 may
  • 21 iyun
  • 26 iyul
  • 20 sentyabr
  • 1 noyabr
  • 20 dekabr

Qeyd olunan tarixlərdən 1 fevral, 3 may, 26 iyul və 1 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır.

Son xəbərlər
Digər xəbərlər