25 C
Baku
Friday, May 23, 2025

Mərkəzi Bankın aktivləri 36.5 mlrd. manata yüksəlib

Azərbaycan Mərkəzi Bankın (AMB) cəmi aktivləri 2023-cü illə müqayisədə 1 milyard 726 milyon manat artaraq 36 milyard 520 milyon manata yüksəlib.

Banker.az xəbər verir ki, AMB 2024-cü il üzrə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb və bu göstəricilər həmin sənədə istinad edilir..

AMB-də pul vəsaitləri və onların ekvivalentləri 2023-cü ildəki 5,63 milyard manatdan 2024-cü ildə 8,59 milyard manata yüksəlib – artım təxminən 2,96 milyard manat və ya 52 faiz təşkil edir.

Torpaq, tikili və avadanlıqlar üzrə aktivlər də 353,4 milyon manatdan 538 milyon manata qədər artıb.

Borc qiymətli kağızlara yatırımlar 2023-cü ildəki 27,05 milyard manatdan 2024-cü ildə 25,82 milyard manata düşüb. Bu, təxminən 1,2 milyard manatlıq azalma deməkdir. Azalmaya səbəb isə AMB-nin xarici dövlətlərin xəzinədarlıq notlarına (dövlət istiqrazları) yatırımın 11.25 mlrd. manat ekvivalentindən 8.76 mlrd. manat ekvivalentinə düşməsidir.

Cəmi öhdəliklər 2024-cü ildə 34,52 milyard manat təşkil edib – 2023-cü illə müqayisədə təxminən 1,28 milyard manat artımdır. Bu artımın əsas səbəbi hökumət idarələri qarşısında öhdəliklərin 3,76 milyard manatdan 7,99 milyard manata qədər – yəni iki dəfədən çox artmasıdır.

Əksinə, rezident bankların qısamüddətli depozitləri 2,68 milyard manatdan 1,27 milyard manata düşüb. Eyni zamanda, buraxılmış borc qiymətli kağızların (notlar) həcmi də 1,3 milyard manatdan 205,9 milyon manata qədər azalıb.

Bankın cəmi kapitalı 1,55 milyard manatdan 2 milyard manata yüksəlib. Bu artımın əsas səbəbi bölüşdürülməmiş mənfəətin 501,2 milyon manatdan 972,7 milyon manata çatmasıdır. Ədalətli dəyər üzrə yenidən qiymətləndirmə isə bir qədər azalaraq 53 milyon manatdan 24,3 milyon manata enib.

Xatırladaq ki, AMB-nin 2024-cü il ərzində əldə etdiyi mənfəət 721,5 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə təxminən iki dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər