Azərbaycan Mərkəzi Bankının pul köçürmə sistemi olan “AniPay” ilə əməliyyatların həcmi 2022-ci ilin ilk 11 ayında 468 mln. manata çatıb.
Banker.az bu barədə Mərkəzi Bankın statistikasına istinadla xəbər verir.
Bildirilir ki, Ani Ödənişlər Sistemində 2022-ci ilin noyabrında 50 mln. manata yaxın əməliyyat gerçəkləşib və bu son ayda 11% artım olsa da, tarixi maksimum deyil. Belə ki, ən yüksək rəqəm 2021-ci ilin dekabrında (52 mln.) qeydə alınıb.
Cari ilin noyabrında 34 min əməliyyat aparılmaqla tarixdə ən yüksək rəqəm qeydə alınıb.
Beləliklə, 2022-ci ilin yanvar-noyabr ayları ərzində “AniPay” ilə 467.8 milyon manatlıq əməliyyat aparılıb. Bu rəqəm öncəki ilin analoji dpvründə 228 mln. manat idi və illik müqayisədə 2 dəfə yüksəlmə deməkdir.
Sistem işə düşdüyü gündən indiyə qədər isə 795.7 mln. manatlıq əməliyyat aparılıb.
Ani Ödəniş Sistemi 2020-ci ilin oktyabrından istifadəyə verilib. Müştərilərə bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını təqdim edir.
Bu sistem vasitəsilə müştəri ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlarla apara, fərdi sahibkar və hüquqi şəxslərin bank hesablarına milli valyutada pul vəsaiti göndərə bilir.
Sistemə hazırda 21 bank, Maliyyə Nazirliyi, Azərpoçt və İKZF inteqrasiya olunub. Sistem hələ ki, xidmət haqqı tutmur.