Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-cı ildə depozitlərin dollarlaşma səviyyəsinin azaldığını qeyd edir. Bu barədə agentliyə bankdan məlumat verilib.
«Əmanət və depozitlərin ümumi həcmində xarici valyutada nominasiya edilmiş əmanət və depozitlərin xüsusi çəkisi il ərzində 11,8 faiz bəndi azalıb. İl ərzində fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 85%-dən 81,2%-dək aşağı düşüb», – deyə məlumatda bildirilir.
AMB pul bazasını lazımi səviyyədə saxlamaq üçün 2016-cı ildə aktiv şəkildə izafi pul kütləsinin sterilizasiyasını həyata keçirib.
«Ötən il Mərkəzi Bank maliyyə sabitliyinin dəstəklənməsi çərçivəsində verilmiş vəsaitlərin 75%-ni sterilizasiya edib. Sterilizasiya əməliyyatlarının həcmi pul kütləsinin 50%-dən çox olub. Bununla izafi pul kütləsinin valyuta və əmtəə bazarlarına daxil olmasının qarşısı alınıb», – deyə məlumatda qeyd edilir.
AMB 2016-cı ildə milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarının keçirilməsinə başlayıb, habelə qısamüddətli notların emissiyasını bərpa edib.
«Hesabat ilinin sonuna depozit hərracları və qısamüddətli notlar vasitəsilə cəlb olunmuş vəsaitlər üzrə qalıq 150 mln. manat təşkil edib», – deyə məlumatda vurğulanır.