İqtisadçı ekspert Vüqar Bayramov son günlər məzənnə siyasəti ilə bağlı məsələyə münasibətini bildirmişdir. Onun fikrincə “Dünya bazarında ucuzlaşan dollar Azərbaycanda bahalaşır. Son bir həftədə manatın dollara məzənnəsi 1.5006-dan 1.5094-dək azalıb. Həmin arada dünya bazarında dollar əsas səbət valyutası olan avroya nisbətən 3 faizə yaxın dəyər itirib. Maraqlıdır ki, milli valyutamız neft bazarındakı dəyişkliklərə də adekvat reaksiya vermir. Bu onu göstərir ki, manatın məzənnəsinin müəyyənləşdirilməsində valyuta bazarından daha çox Mərkəzi Bankın təsirləri var. Mərkəzi Bank alıcı qismində istənilən zaman hərraca daxil olub manatı zəiflədə bilir. Nəticədə manatın qeyri-müəyyən məzənnə dəyişiklikləri kommersiya banklarının kreditlərindəki valyuta növünədə təsir göstərir. Məzənnəni proqnozlaşdırma bilməyən bankların kreditləşməsində xarici valyuta yenə də risksiz hesab olunur.
Artıq dollar ilə istehlak kreditlərinin verilməsi üçün müəyyənləşdirilən qadağa da başa çatır. Qadağanın qüvvədə qaldığı ötən bir ayın yekunları göstərdi ki, bu kredit bazarına təsir göstərə bilmədi. Əksinə, bankların əksəriyyəti ümumiyyətlə kreditləşməni dayandırdılar. Aydındır ki, Mərkəzi Bankın qeyri-müəyyən məzənnə siyasəti davam etdikcə banklar manata güvənməyəcəklər. Hələlik isə görünən odur ki, Mərkəzi Bank məzənnəni dəhliz daxilində dəyişməyə çalışır. Amma bu nə qədər belə davam edəcək? Mərkəzi Bankın kommersiya banklarının məzənnə üçün müddətli dəhlizin elan edilməsi ilə bağlı müraciətinə mənfi cavab verməsi isə onu göstərir ki, hətta baş bankın özündə belə bu dəhlizi qoruyub saxlaya biləcəklərinə güvən yoxdur.”