Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları 2025-ci ilin son ayında bir qədər yüksələrək 11 milyard 515 milyon dollara çatıb.
Banker.az xəbər verir ki, bu, dekabr ayında ehtiyatların təqribən 81,1 mln. dollar və ya 0,71 faiz artması deməkdir. AMB bununla 2025-ci ildə 2024-cü ilin son rübündə “əritdiyi” 836,3 mln. dolların yalnız 66,4 faizi, yəni 555,4 mln. dollarını bərpa edə bilib.
Azərbaycan Mərkəzi Bankı ötən il valyuta bazarındakı tələbi dəstəkləmək məqsədilə 424 mln. dollar məbləğində “xüsusi satış” həyata keçirdiyini bildirmişdi. AMB sədri Taleh Kazımov bunun intervensiya kimi deyil, xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə edildiyini vurğulamışdı.
Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul bəyanatında isə bildirilir ki, valyuta bazarındakı sabitlik ölkədə qiymət sabitliyinin təmin olunmasında həlledici rol oynayıb. 2025-ci ilin ötən dövründə nağd və nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təklif tələbi üstələmişdir.









