22 C
Baku
Saturday, May 11, 2024

Mərkəzi Bankın valyuta ehtiyatlarının 87%-i ABŞ dollarındadır

2022-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatlarının qəbul edilmiş strategiya və qaydalar çərçivəsində konservativ idarə olunması davam etdirilib.

Bu barədə Banker.az 2022-ci il üzrə Azərbaycan Mərkəzi Bankının illik hesabatına istinad edir.

Dövr ərzində valyuta ehtiyatları bilavasitə Mərkəzi Bankın pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilib.

İlin sonuna rəsmi valyuta ehtiyatlarının 87%-ni ABŞ dolları, 4%-ni avro, 1%-ni funt-sterlinq və 8%-ni isə SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.

2022-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları hər bir tranşın və alt portfellərin məqsədlərinə uyğun olaraq seçilmiş bençmarklar əsasında, xarici ölkələrin investisiya dərəcəli kredit reytinqinə malik dövlət və kvazi-dövlət borc öhdəliklərinə investisiya olunmaqla idarə edilmişdir. İnvestisiya portfelinin kredit keyfiyyətinin daha da yüksəldilməsi və ölkələr üzrə şaxələndirilməsi hesabat ilində davam etdirilmişdir. 2022-ci ildə Mərkəzi Bank valyuta ehtiyatlarının idarə edilməsində daxili idarəetmə ilə yanaşı xarici menecerlərlə əməkdaşlığı davam etdirmişdir. Xarici idarəetmədə olan portfellərin şaxələndirilməsi imkanlarının və səmərəliliyinin artırılması, eləcə də qabaqcıl xarici təcrübənin daxili idarəetməyə ötürülməsi istiqamətində tədbirlər görülmüşdür.

AMB qeyd edir ki, qlobal maliyyə bazarlarında müşahidə olunan əlverişsiz mühit Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsinin nəticələrinə də təsirsiz ötüşməmişdir. Belə ki, aparıcı mərkəzi bankların siyasət faiz dərəcələrini kəskin artırması fonunda qlobal borc qiymətli kağızlarının bütün seqmentləri üzrə qiymətlər düşmüşdür.

“Yüksələn bazar faiz dərəcələri Mərkəzi Bankın investisiya portfelinin əhəmiyyətli hissəsini təşkil edən qısamüddətli maliyyə alətlərinin daha yuxarı faizlə yenidən investisiyasına imkan yaratmaqla faiz gəlirlərini artırsa da, nisbətən uzunmüddətli perspektiv üçün investisiya edilən risksiz və yüksək kredit keyfiyyətli borc qiymətli kağızları üzrə realizə olunmamış yenidənqiymətləndirmə zərərlərinin yaranmasına gətirib çıxarmışdır”.

Nəticədə, 2022-ci ilin sonuna Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən xalis gəlirlər -41.8 mln. ABŞ dolları, gəlirlilik isə -0.53% olmuşdur. Qeyd edək ki, yüksələn bazar faiz dərəcələri növbəti illərdə Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən əldə olunacaq gəlirlərin əhəmiyyətli artırılmasına imkan verəcəkdir. 2022-ci ildə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 1.9 mlrd. ABŞ dolları və ya 27% artaraq 9.0 mlrd. ABŞ dolları təşkil etmişdir. Daxili bazardan valyuta alışları valyuta ehtiyatlarına artırıcı, əsasən məzənnə fərqi isə azaldıcı təsir göstərmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər