Mərkəzi Bankın yeni addımına görə, şəxsiyyət vəsiqəsi olmadan bir müştəriyə yalnız 500 dollar satıla bilər.
Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, bu addımla Mərkəzi Bank dollara olan tələbi inzibati yolla tənzimləməyə və öz valyuta ehtiyatlarına qənaət etməyə çalışır: “Amma kifayət qədər kiçik məbləğin limit kimi seçilməsi valyuta satışında ciddi çətinliklər yaradacaq. Belə ki, şəxsiyyət vəsiqəsi ilə dolların satılması valyutadəyişmə məntəqələri üçün əlavə zaman alacaq və bu, onların işini çətinləşdirəcək. Nəticədə valyutadəyişmə məntəqələrinin qarşısında uzun növbələrin yaranacağı gözlənilir. Bu qərarın icrasında ən böyük risk “qara bazarın” yaranması ilə bağlıdır. Şəxsiyyət vəsiqəsi və ya növbəyə dayanaraq dollar almaq istəməyənlər “qara bazar”da daha yüksək kursla valyuta almaq məcburiyyətində qala bilərlər. Çünki qeydiyyatsız valyuta almaq istəyənlər qeyri-leqal yollar axtaracaqlar. Şəxsiyyət vəsiqəsi ilə dolların satılmasının 500 dollar deyil, daha yüksək məbləğdə olması daha məqsədəuyğun idi. Xarici valyutaya tələbin hər gün artdığını nəzərə aldıqda, Mərkəzi Bankın 500 dollarlıq limiti seçməsi doğru qərar deyil. Xarici valyutaya tələb yüksək olduğu üçün ən azı 5000 dollardan artıq valyutanın alınmasına görə şəxsiyyət vəsiqəsinin tələb olunması daha məqsədəuyğun idi. Bu addımdan sonra qara bazarın yaranmaması üçün Mərkəzi Bank valyutadəyişmə məntəqələrini və bankları xüsusi avadanlıqla təmin etməlidir ki, şəxsiyyət vəsiqəsi ilə dollar alışı vaxt aparmasın. Bir sıra inkişaf etmiş ölkələrdə şəxsiyyət vəsiqəsi ilə dollar satışı həyata keçirilir, amma şəxsiyyət vəsiqəsi xüsusi avadanlığa yaxınlaşdırılmaqla qeydə alınır. Bu da qısa zamanda elektron formada məlumatın hazırlanmasına səbəb olur. Prosesin elektronlaşmasına ehtiyac var ki, növbələrin və ajiotajın yaranmasına səbəb olmasın”.
İqtisadçı Mərkəzi Bankın eyni zamanda kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verməsinə də toxundu: “Bununla da Mərkəzi Bank, əslində, tələb artdığı halda manatın ucuzlaşmasına start verdi. Düzdür, Mərkəzi Bank bununla həmçinin “qara bazar”ın qarşısını almağa çalışır. Amma reallıq bundan ibarətdir ki, bu, artıq manatın dollara nisbətən daha da ucuzlaşacağı mesajıdır”.