-3 C
Baku
Sunday, December 15, 2024

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair respublika müşavirəsi keçirilib

Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair növbəti respublika müşavirəsi keçirilib.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında İşçi qrupların rəhbərləri – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev, məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri iştirak ediblər.

Ə.Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ın icrası işlərinin davam etdirildiyini bildirib. O, əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində bundan sonra da zəruri tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

Komissiya sədri bildirib ki, dövlət başçısının 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti dövründə əmək müqaviləsi bildirişlərinin sayında 45 faizdən çox, fiziki şəxs fərdi sahibkarların sayında 68,1 faiz, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmiş sabit vergi ödəyicilərinin sayında isə 8 dəfə artım olub.

Eyni zamanda, bu sahədə əldə edilmiş nailiyyətlərin davamlılığını təmin etmək və qarşıda duran vəzifələrin həlli üçün məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyəti daha da təkmilləşdirilməlidir.

Müşavirədə Komissiyanın Katibliyinin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev ötən müşavirədə verilən tapşırıqlara uyğun olaraq məşğulluğa kömək göstərən əlaqələndirmə komitələri tərəfindən görülmüş işlərə dair təqdimatla çıxış edib.

İclasda Mingəçevir şəhəri, Siyəzən və Şamaxı rayonları üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri tapşırıqlar üzrə görülmüş işlər, o cümlədən qeyri-formal məşğulluğun qarşısının alınması və digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə geniş məlumat veriblər.

Qeyri-formal məşğulluqla mübarizə və işəgötürənlərlə əməkdaşlıq sahəsində səmərəli fəaliyyətinə görə bir sıra əlaqələndirmə komitələrinin rəhbərləri təltif ediliblər.

Müşavirədə Ə.Əhmədov əlaqələndirmə komitələrinin səmərəli fəaliyyətinin təşkili məqsədilə həmin komitələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Son xəbərlər
Digər xəbərlər