Azərbaycan Respublikası Prezidenti əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Banker.az bu barədə Prezidentin rəsmi sdəhifəsinə istinad edərək bildirir.
Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Azərbaycanda yeni publik şəxs yaradılıb.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (bundan sonra – DOST Agentliyi) yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. DOST Agentliyi bu Fərmanın 3-cü hissəsində göstərilən “DOST” mərkəzlərini idarə edir, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirir;
2.2. DOST Agentliyində təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini DOST Agentliyinin nizamnaməsinin və strukturunun təsdiq olunmasına, nizamnamə fondunun miqdarının müəyyən edilməsinə, habelə yenidən təşkili və ləğvinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər məsələlərə münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
3. Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edən “DOST” mərkəzləri yaradılsın.
4. Bu Fərmanın 3-cü hissəsində göstərilən “DOST” mərkəzlərində:
4.1. xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilsin;
4.2. vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edilsin;
4.3. vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsi təmin edilsin.
5. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında iki ay müddətində:
5.1. DOST Agentliyinin nizamnaməsinin və strukturunun layihəsinin hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. DOST Agentliyinin nizamnamə fondunun miqdarı və işçilərinin say həddi ilə bağlı təkliflərin hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.3. “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin “DOST” mərkəzlərində göstərilmə qaydasının layihəsinin hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.4. DOST Agentliyinin və onun strukturuna daxil olan “DOST” mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin rəyini nəzərə almaqla hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.” – deyə fərmanda qeyd edilib.
Xatırladaq ki, Prezident DOST-a yeni mərkəzlərin yaradılmasına görə 2 mln. manat ayrılıb.