10 C
Baku
Thursday, December 12, 2024

Məşhur şirkətlərin idxal etdikləri bibərlərdə virus aşkarlandı

2021-ci il 30 noyabr tarixində “Best Supply Company” MMC, 2021-ci il 3 dekabr tarixində isə “Amotrade” MMC və “Bazarstore” MMC tərəfindən Türkiyə Respublikasından ölkəmizə idxal edilən bibər məhsulu partiyalarına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən baxış keçirilib və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Müayinələr nəticəsində ümumilikdə 5 nümunədə qonur qırışıqlıq virusu aşkar edilib. Faktla bağlı respublika ərazisinə idxal edilən təzə bibər məhsulunun bütün partiyalarının qonur qırışıqlıq virusuna görə laborator müayinələrə cəlb edilməsi qərara alınıb. Həmçinin yüksək risk səviyyəsi nəzərə alınmaqla, virus xəstəliyi aşkar ediləcəyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq, məhsul ixracatçı ölkəyə geri qaytarılacaq və ya fitosanitar və ekoloji təhlükəsizlik qaydaları əsasında məhv ediləcək.
Qeyd edək ki, qonur qırışıqlıq virusu hazırda Türkiyə də daxil olmaqla, dünyanın bir çox ölkələrində, o cümlədən Almaniya, İspaniya, Niderland və Belçikada yayılmaqdadır. Kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan bu virus bibərlə yanaşı, pomidor, badımcan, kartof və tütün məhsullarına da böyük həcmdə zərər vurur. İnsan sağlamlığına təsir etməyən, lakin fitosanitar riski yüksək qiymətləndirilən və meyvənin əmtəə keyfiyyətini aşağı salmasına görə təhlükəli sayılan bu virus məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Sözügedən xəstəliyə qarşı səmərəli mübarizə metodu olmadığı üçün yoluxmuş bitkinin sağlamlaşdırılması mümkün deyil.

Son xəbərlər
Digər xəbərlər