5 C
Baku
Saturday, December 14, 2024

Məzənnə müharibələri daha kəskin, daha ciddi şəkildə davam etməkdədi

Müəllif: Sərvər Qurbanov ,Sosial-İqtisadi Tədqiqatlar Mərkəzi,  Qafqaz Universiteti

Kurs müharibəsi, 2010-cu ildə termin kimi Braziliya Maliyyə Naziri tərəfindən istifadə edilmişdir.  Burada fikir ondan ibarətdir ki, inkişaf etmiş ölkələr, beynəlxalq bazarlarda, rəqabətliliyi  yüksək və nisbətən ucuz ixracat malları yaratmaq üçün öz milli pullarının devalvasiyasını əsas iqtisadi siyasət kimi tətbiq edirlər.

Bu məqsəd üçün isə ölkədəki pul kütləsinin genişləndirilməsi lazımdır. Amerikanın iri həcmli daxili istehlak bazarı olduğundan, Amerikan Mərkəzi Bankı (Federal Ehtiyatlar Sistemi), yəni Fed, pul kütləsini genişləndirdiyi zaman (yəni yumuşaq pul siyasəti həyata keçirəndə), əsas arqumentinin məcmu tələb üçün stimul yaratmaq olduğunu qeyd edir. Məcmu tələbin artması isə, Amerikada iqtisadi artıma öz töhfəsini verəcəkdir.

Fed, Amerikan iqtisadiyyatını güclənməsinin dünya iqtisadiyyatına da müsbət mənada təsir göstərəcəyini fərz etməkdədir. Amma eyni fikri Yaponiya iqtisadi siyasət kimi tətbiq etməyə çalışanda, dünya ölkələri bunu səmimi bir addım kimi qəbul etmir. Əhalisi yaşlanan Yaponiyada, iqtisadi artımın məcmu tələbi artırmaqla yüksəlməyəcəyi fikrini qəbul edənlər daha çoxdur. Yaponiyada ilk dəfə 2012-ci ildə, yaşlılar üçün satılan təmizlik bezləri, uşaqlar üçün satılan təmizlik bezlərinin həcmini üstələmişdir. Əhalinin yaşlı olduğu və daxili tələbin zəif olduğu belə bir iqtisadiyyatda, məcmu tələb üçün stimul yaratmaq istəyən iqtisadi siyasətin qarşısında çətin bir mərhələ mövcuddur. Yaponiya Mərkəzi Bankı, 20 ildir davam edən deflasiyanı sonlandırmaq fikrindədir. Bunun üçün 2 faizlik inflasiya hədəfi müəyyənləşdirilmişdir, bu qərar isə pul kütləsinin genişləməyə davam edəcəyi mənasına gəlir.

Almaniya buna görə Yaponiyanı məzənnə müharibələrində narahatçılığa səbəb olan bir ölkə kimi qiymətləndirir. Beynəlxalq Valyuta Fondu həmçinin Amerika isə Yaponiyanın pul siyasətini məqsədəuyğun addım kimi qəbul edirlər. Son zamanlarda Yaponiyada həyata keçirilən monetar genişlənmənin nəticəsində isə Avro, dollar və Yapon milli pulu yen qarşısında güclənmişdir. Almaniyada ixracat, iqtisadi artımın əsas mənbələrindən biridir. Buna görə bahalı yox, ucuz Avro-nun varlığına daha çox üstünlük verilməkdədir.

Braziliya isə kurs müharibəsindən şikayət etməkdədir. Bunun əsas səbəblərindən biri, 1991-ci ildən bəri, milli pulları real-ın getdikçə daha bahalı hala gəlməsidir. İqtisadiyyat elminin əsas anlayışları ilə yaxından tanış olanlar biləcəklər ki, bu tendensiya Braziliya ixrac mallarının beynəlxalq bazarlarda daha bahalı olması ilə eyni mənaya gəlməkdədir.

Bəs kurs müharibələrinin yüksələn bazarlar kimi qiymətləndirilən inkişaf etməkdə olan ölkələr üçün nə kimi mənfi nəticələri var?

 İnkişaf etmiş ölkələr, pul kütləsini genişləndirirlər, bu onların daxili maliyyə bazarlarında faiz dərəcələrinin aşağı düşməsinə səbəb olur, beləcə inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarındakı faiz həddləri nisbi olaraq daha yüksək hala gəlir. Daha yüksək gəlir əldə etmək istəyən və beynəlxalq likvidliyə sahib olan fondlar, inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarına daxil olurlar. Bu da, inkişaf etməkdə olan ölkələrin milli pullarının bahalaşmasına gətirib çıxarır. Yəni bir ölkədə tətbiq edilən monetar siyasət, başqa bir ölkədə makro-iqtisadi stabilliyə mane törədən bir amilə çevrilir. Yaxud da, bir ölkənin daxili iqtisadi siyasəti üçün, başqa bir ölkənin prioritetləri qurban verilir.

Amerikanın Mərkəzi Bankı, yumşaq pul siyasətini tədricən sonlandırmaq  barəsində, 2013 cü ilin dekabr ayında  konkret qərar qəbul etdi.  Bu ilin fevral ayından isə  yeni vəzifəyə gələcək idarə heyətinin ilk xanım sədri Janet Yellen də eyni siyasətin davamçısı olacaq. Bu addım isə inkişaf etməkdə olan ölkələrin maliyyə bazarları üçün narahatçılıq doğuran əlavə bir məsələdir. Amerikanın sərt pul siyasəti, uzun müddətdir bol likvidlik cənnətində olan inkişaf etməkdə olan ölkələrin, bu cənnətdən qovulması mənasına gəlir…

Son xəbərlər
Digər xəbərlər