Növbəti ildən dəyişikliklər edilməsi gözlənilən qanunvericilik aktlarından biri də Əmək Məcəlləsidir. Sənəddə bəzi kateqoriyadan olan işçilərə verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsi, əməkhaqqı və məzuniyyət ödənişlərinin hesablanması, ödənilməsi ilə bağlı yeni qaydaların işə düşməsi, distant iş rejiminə keçidin rəsmiləşdirilməsi və digər yeniliklər əksini tapıb. Təlimçi ekspert Aqil Ağayev “vergiler.az”a məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması ilə bağlı gözlənilən dəyişikliyi şərh edib. 

Təklif edilən dəyişikliklərə əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı bəzi dövrlər artıq nəzərə alınmayacaq və həmin dövrlər əməkhaqqı ödənilmiş yaxın və tam təqvim ayları ilə əvəz olunacaq.

Həmin dövrlər aşağıdakılardır:

• işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü;

• boşdayanma müddəti;

• qismən ödənişsiz sosial məzuniyyət dövrləri;

Bu dövrlər hesablamadan çıxarıldıqda, onların əvəzinə işçinin faktiki olaraq əməkhaqqı aldığı yaxın tam təqvim ayları üzrə əməkhaqqı məbləğləri nəzərə alınacaq. Bununla da ödənişsiz və ya qismən ödənişli dövrlərin işçinin məzuniyyət haqqının azalmasına təsiri aradan qaldırılacaq.

Məsələni praktiki nümunə üzərindən izah edək:

Tutaq ki, “AA” MMC-də 3 ildir çalışan əməkdaş 1 yanvar 2026-cı il tarixdə 31 təqvim günü müddətində məzuniyyətə çıxır. Əməkdaşın tarif əməkhaqqı 1.000 manatdır. Mövcud qanunvericiliyə əsasən, onun son 12 aylıq əməkhaqqı aşağıdakı kimi hesablanacaq:

Ay

Əməkhaqqı

Əlavələr (NK-nın 137 nömrəli Qərarı ilə nəzərə alınan ödənişlər)

Cəmi

Yanvar

1000

100

1100

Fevral

1000

1000

Mart

1000

100

1100

Aprel Ödənişsiz məzuniyyət
May Ödənişsiz məzuniyyət
İyun

1000

50

1050

İyul

1000

50

1050

Avqust

1000

400

1400

Sentyabr

1000

400

1400

Oktyabr

1000

1000

Noyabr

1000

100

1100

Dekabr

1000

1000

Cəmi 11 200

 

Cədvələ əsasən orta günlük əməkhaqqı:

(11.200 : 12) : 30,4 = 30,70 manat

Məzuniyyət haqqı:

30,70 × 31 = 951,75 manat.

Mövcud qanunvericiliyə əsasən, məzuniyyət haqqı 951,75 manat təşkil edir. Təklif edilən dəyişikliklərə əsasən, bu hesablanma zamanı ödənişsiz məzuniyyət dövrü nəzərə alınmayacaq.

Diqqət yetirdikdə görünür ki, əməkdaş aprel və may aylarında işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətə göndərilib. Təklif edilən yeni qaydalara əsasən, bu aylar hesablamadan çıxarılır və onların əvəzinə yaxın tam təqvim ayları üzrə əməkhaqqı nəzərə alınır.

Bu halda yaxın aylar kimi 2024-cü ilin noyabr və dekabr ayları götürülür və həmin aylar üzrə əməkhaqqı hesablamaya daxil edilir. Əgər həmin aylarda işçi qismən ödənişsiz sosial məzuniyyətdə olarsa, əvvəliki aylardakı əməkhaqqı məbləğləri hesablanacaq:

• Noyabr – 1000 manat

• Dekabr – 1000 manat

Yeni hesablamada:

Ümumi məbləğ:

11.200 + 1000 + 1000 = 13.200 manat;

Məzuniyyət haqqı:

(13200 : 12) : 30,4 = 36,18 manat;

36,18 × 31 = 1.121,58 manat.

Təklif edilən dəyişikliklər qüvvəyə minərsə, işçinin məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı ödənişsiz və ya qismən ödənişli dövrlər onun zərərinə hesablanmayacaq. Bu halda hər bir məzuniyyət gününə düşən əməkhaqqı həmin ayın 1 təqvim gününə düşən əməkhaqqından az ola bilməz. Bu, məzuniyyət haqqının daha ədalətli və real əməkhaqqına uyğun hesablanmasını təmin edir.