“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır. Artıq sözügedən hissədə tikinti işləri 95 % icra olunub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Layihəyə əsasən torpaq yatağının ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72,5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edir.
Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 hissə üzrə icra olunur. 1 və 3-cü hissədə tikinti işləri son mərhələ üzrə aparılır. 2-ci hissə üzrə isə torpaq işləri artıq tamamlanıb.
Ümumilikdə layihəyə əsasən hazırda qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri davam etdirlir. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də görülür.
Ümumilikdə yolboyu 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 82 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 574 dairəvi suötürücü boru inşa edilir. Layihəyə uyğun olaraq, zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq 2-ci hissə üzrə nəzərdə tutulan bir yol qovşağı və körpünün tikintisi yerinə yetirilib.
Hazırda yolboyu işlərin plana əsasən tərəqqisi 39,8 km-lik birici hissə üzrə 95 %, 42,4 km-lik ikinci hissə üzrə 98 %, 47,95 km-lik üçüncü hissə üzrə isə 91 % təşkil edir.
Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə aparılır.
130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həmin yaşayış məntəqələrində yaşayan əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.
Layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.