Macarıstan Azərbaycandan qaz idxalının həcmini təqribən 1 milyard kubmetrə qədər artırmaq niyyətindədir.
Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
Peter Siyarto qeyd edib ki, Macarıstan enerji təchizatı mənbələrini və çatdırılma marşrutlarını şaxələndirmək istəyir.
“Bizim üçün diversifikasiya mövcud mənbələri başqaları ilə əvəz etmək deyil, enerji balansına yeni mənbələr əlavə etməkdir. Ona görə də Azərbaycan bu sahədə əməkdaşlıq üçün çox vacib tərəfdaşdır. Biz bu il Azərbaycandan Macarıstana 100 milyon kubmetr qaz tədarükünün şərtlərini razılaşdırmışıq və bu həcmin ildə təxminən 1 milyard kubmetrə çatdırılmasında maraqlıyıq”, – deyə nazir bildirib.
Siyarto təəssüf hissi ilə qeyd edib ki, bu, təkcə Azərbaycan və Macarıstandan asılı deyil.
“Bu, infrastrukturdan və çatdırılma marşrutlarının imkanlarından asılıdır. Biz artıq Avropa Komissiyasından xahiş etmişik ki, Cənub-Şərqi Avropada infrastruktur imkanlarını artırmaq üçün bizə maliyyə resursları ilə kömək etsin. Təəssüf ki, Aİ bundan imtina edib. Bu, bizim nöqteyi-nəzərimizdən qəbuledilməzdir. Onlar deyirlər ki, 15 ildən sonra qaz milli enerji balansının bir hissəsi olmayacaq. Deyirik, birincisi, xəbərimiz yoxdur, ikincisi, belə olsa belə, yaxın illərdə nə olacaq? Avropa Komissiyası mənbələrimizi şaxələndirmək üçün bizə təzyiq edir, lakin onlar Cənub-Şərqi Avropada infrastruktur potensialının genişləndirilməsinin maliyyələşdirilməsində iştirak etməyə hazır deyillər. Amma biz Azərbaycan, Türkiyə, Bolqarıstan, Rumıniya, Slovakiya ilə birlikdə həll yollarını tapmaq üçün çalışırıq”, – deyə o bildirib.