Macarıstan aprelin sonunda Azərbaycandan təbii qazın tədarükü üçün Bolqarıstan və Rumıniya ilə Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırır.
Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
O, qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışaraq qeyd edib ki, Macarıstan bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.
Siyartonun sözlərinə görə, bu qazın bir hissəsi Türkiyədən keçə bilər artıq konkret detallar üzrə danışıqlar aparılır.
“Əlbəttə ki, Cənub-Şərqi Avropa ölkələrində – Bolqarıstan və Rumıniyada infrastrukturu inkişaf etdirməliyik. Bu məqsədlə gələn ayın sonunda Sofiyada saziş imzalayacağıq”, – xarici işlər naziri deyib.
Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Tədarük 25 il üçün nəzərdə tutulub və həcmi 10 milyard kubmetrdən çox olmalıdır. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.