Avropa Parlamentinin gələn ildən etibarən Rusiyadan enerji resurslarının Avropa İttifaqına idxalına tam qadağa tətbiq etmək cəhdləri Macarıstanın enerji təhlükəsizliyinə təhdid yaradır və rəsmi Budapeşt buna yol verməyəcək. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa Parlamentinin komitəsində keçirilən səsverməni şərh edərkən bildirib.
“Bu, Macarıstanın enerji təhlükəsizliyinə birbaşa təcavüzdür, ölkə iqtisadiyyatının inkişafını ləngidir və ailələrin kommunal xərclərinin artmasına təhlükə yaradır. Biz buna imkan verməyəcəyik!” — deyə nazir “X” sosial şəbəkəsində yazıb.
Cümə axşamı Avropa Parlamentinin sənaye və energetika komitəsi 2026-cı il yanvarın 1-dən Rusiyadan neft və qaz idxalına qadağa nəzərdə tutan planı təsdiqləyib. Sənədin qüvvəyə minməsi üçün onu hələ Avropa İttifaqı Şurası və Avropa Parlamentinin tam tərkibi Strasburqdakı sessiyada təsdiqləməlidir. Plan Avropa Komissiyasının 2028-ci ilin əvvəlindən Rusiya enerji daşıyıcılarına tam qadağa təklifi ilə müqayisədə daha radikal hesab olunur.