15 C
Baku
Tuesday, April 23, 2024

Macarıstan şirkəti “Chevron”un AÇQ-dəki payını $2 mlrd.-dan çox məbləğə ala bilər

Macarıstanın “MOL” enerji şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsində Amerikanın “Chevron” şirkətinin payını ala bilər.

Reuters agentliyinin məlumatına görə, əqdin dəyəri $2 mlrd.-ı ötəcək.

Hazırda tərəflər arasında alqı-satqı üzrə danışıqlar aparılır.

Agentlik qeyd edir ki, öncə “MOL” “AÇG”-nin iştirakçısı olan Amerikanın hər iki neft şirkətinin payı ilə maraqlanıb, lakin yalnız “Chevron”un 9,75% səhminin sövdələşməsində iştirak etməyi qərar alıb.

“Chevron” və “MOL” agentliyə məsələni şərh etməkdən imtina edib.

Xəbər verildiyi kimi, 2018-ci ilin dekabr ayında “Exxon” və “Chevron” AÇG layihəsindəki paylarını satmaq planları barədə bəyan ediblər.

Daha əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, SOCAR və onun “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsi üzrə tərəfdaşları satışa çıxarılacaq payların alınması ilə bağlı tenderdə iştirak etmək niyyətindədir.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilədə BP (Britaniya – layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 mlrd. məbləğində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur.

Azərbaycanda hasil olunan neftin 2/3 hissəsi AÇG blokunun payına düşür. 

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər