Madaqaskar Ordusunun Kadrların İdarəetmə Korpusu (CAPSAT) rəhbəri Mikael Randrianirina ölkənin keçid dövrü prezidenti kimi Ali Konstitusiya Məhkəməsi qarşısında and içib, bu barədə “Associated Press” məlumat verib.
Mərasim dövlətin Ali Konstitusiya Məhkəməsinin binasında baş tutub.
Xatırladaq ki, Madaqaskar prezidenti Andri Radzuelina 12 oktyabrda ölkədən qaçıb. Bu, hökumətin devrilməsi və ordunun etirazçılara qoşulmasından sonra baş verib.
14 oktyabrda CAPSAT qüvvələri Mikael Randrianirinanın rəhbərliyi ilə prezident sarayını ələ keçirərək ölkədə keçid dövrünün başladığını elan edib. Həmçinin ordu və jandarm zabitlərindən ibarət kollegial idarə orqanı — Keçid Dövrü Şurası yaradılıb.
Yeni qəbul edilən “Madaqaskar Respublikası Keçid Dövrü Xartiyasına” əsasən, bu mərhələ 24 ayadək davam edə bilər və bir il uzadılma imkanı nəzərdə tutulur.
Madaqaskarda etirazlar sentyabrın sonunda başlamışdı. Aksiya iştirakçıları su və elektrik kəsintiləri, səhiyyə sisteminin zəifliyi və korrupsiya səviyyəsindən narazılıqlarını bildiriblər. Sonradan etirazlar prezidentin istefası tələbi ilə davam edib. Radzuelina hökuməti buraxsa da, etirazlar səngiməyib.