10 C
Baku
Thursday, December 12, 2024

“Made in China 2025”. Çinin texnologiya sahəsində yeni hədəfləri

Heç kimə sirr deyil ki, dünya Çini əsas ixracatçı ölkə kimi tanıyır və qlobal dünya iqtisadiyyatında Çinin rolu o qədər böyüyüb ki, ölkə iqtisadiyyatda rüblük göstərcilərdə olan müəyyən azalma, birbaşa qlobal iqtisadiyyatda daralma kimi qiymətləndirilir və analitiklər məhz bu göstəricilər əsasında proqnozlarına düzəliş verirlər. Yəqin ki, Çin iqtisadiyyatının hökümət tərəfindən idarə edilən və mərkəzləşmiş iqtisadiyyatlar arasında ən dayanıqlı və uğurlu iqtisadiyyat olduğunu desək yanılmarıq. Onu da vurğulamaq lazımdır ki, Çin ixracatının əsasını keyfiyyət amili yox məhz kəmiyyət təşkil edir. Başqa sözlə desək, Çin iqtisadiyyatı illərdir kəmiyyət olaraq rəqibləri ilə müqayisə edilməz olduğundan, qlobal rəqabətə davam gətirə bilir. Ancaq müasir dünyanın dəyişən tələbləri, texnoloji yeniliklər, insanların həyat normalarının artması kimi amillər Çinin təkcə kəmiyyət olaraq deyil, keyfiyyət sahəsində də islahatlar aparmasına təkan verir. Bu çərçivədə ölkə rəhbərliyi “Made in China 2025” adı altında on illik inkişaf strategiyası qəbul edib və qlobal rəqabətdən geri qalmamaq üçün 10 əsas sahə müəyyən edib. Bu məqalədə Çinin “Made in China 2025” proqramının əsasları, əsas hədəfləri müzakirə ediləcək və proqramın Çinə hansı üstünlüklər verəcəyi qiymətləndiriləcək.

            2015-ci ildə qəbul olunan proqrama əsasən, hökümət növbəti 10 ildə Çinin istehsal sənayesi üçün 10 əsas prioritet sahə müəyyən edib və bu sahələr üçün ən qabaqcıl texnologiyaların tətbiqi ilə istehsal sənayesinin strukturunun müasir səviyyəyə çıxarmaq hədəfləyib. Seçilmiş sahələr kənd təsərrüfatı, bərpa edilən enerji ilə işləyən avtomobillər, sintetika istehsalı sənayesi, robotlardan istifadə, müasir dəmiryolları və digər sahələr təşkil edir. Qeyd olunan sahələrin seçilməsi təsadüfi deyil. Belə ki, bu sahələr 4-cü Sənaye İnqilabının əsasını təşkil edir. Rəsmi olaraq elan olunmasa da, Çin hökümətinin bu planın icrasına 300 milyard ABŞ dolları vəsait ayırdığı qeyd olunur. Qeyd olunan proqram sayəsində, Çin ölkə üçün zəruri olan irəli texnologiyanın 70%-ni yerli imkanlarla inkişaf etdirməyi planlaşdırır. Həmçinin, bu proqram uğurla icra edilsə, Çin şirkətləri yeni nəsil texnologiyaların tətbiqi sahəsində təkcə yerli bazarda yox, qlobal bazarda liderliyi ələ keçirəcək. Yekun hədəf Çinin xarici texnologiyadan asılılığını azaltmaqla, ölkəni bu sahədə də qlobal lider etməkdir.

            Bu dövlət proqramının digər qəbul edilmiş proqramlardan əsas fərqi odur ki, proqramda yerli dövlət şirkətləri ilə yanaşı Çinin ən qabaqcıl texnologiya şirkətləri olan Tencent, Alibaba və digərlərinin iştirakı nəzərdə tutulub. Belə ki, rəsmi olmasa da, Çin höküməti bütün iri şirkətlərdən (dövlət və ya özəl şirkət olmalarından asılı olmayaraq) öz gələcək plan və hədəflərini məhz qeyd edilən proqramın hədəflərinə uyğun müəyyən etmələrini və bunun müqabilində dövlətdən bir-başa dəstək alacaqlarını vəd verib. Həmçinin, yerli şirkətlərə irəli texnologiya ilə əlaqəli olan xarici kapitallı şirkətlərə investisiyalar edərək, texnoloji yenilikləri ölkəyə gətirmək üçün xüsusi subsidiyalar verilir. Maraqlıdır ki, proqramın tətbiqindən 1 il sonra Çin şirkətləri ABŞ şirkətlərinin 45 milyard dollarlıq səhmlərinə yiyələniblər.

            “Made in China 2025” elan edildiyi 2015-ci ildə qlobal mediada çox diqqət çəkməsə də, ABŞ-la Çin arasında olan ticarət savaşından sonra əsas müzakirə mövzularından birinə çevrilib. ABŞ höküməti 2018-ci ildə ictimaiyyət üçün açıqlamasında, Çinin ədalətsiz rəqabət etməsinə kömək edən proqram kimi məhz “Made in China 2025”-n adını səsləndirmişdi. Hətta bir çox mütəxəssislər, iki ölkənin yekun ticarət razılaşmasına imza atmamasının səbəbinin məhz bu proqram olduğunu qeyd edir. Digər qərb dövlətləri də Çinin bu proqramının qlobal rəqabətliliyi azaltdığını və dünya iqtisadiyyatının Çin hökümətinin bu sahələrə ayıracağı diqqətdən asılı vəziyyətə düşəcəyini qeyd edir. Dünyanı narahat edən bir digər faktor, Çinin mərkəzləşdirilmiş iqtisadi islahatlarla, siyasi hədəflərini iqtisadi hədəflərdən daha vacib saydığını və buna görə də digər iqtisadi maraqları nəzərə almamasıdır. Maraqlıdır ki, ticarət savaşı başladıqdan sonra Çin lideri yeni iqtisadi planları elan etdikdə, bu proqrama yer verməyib. Ancaq, qərb ölkələrini narahat edən məsələ budur ki, proqramın adını dəyişməklə və ya digər qeyri-şəffaf yollarla Çin höküməti öz ambisiyalarına sadiq qalacaq. Çin höküməti qərb dövlətlərinin ölkə iqtisadiyyatında “neytral rəqabətlilik” prinsipini (əsas idea ondan ibarətdir ki, hökümət tərəfindən atılan istənilən addım dövlət şirkətləri və özəl şirkətlərə eyni dərəcədə təsir etməlidir) tətbiq edəcəyini və bu prinsipin tətbiqi ilə dövlət şirkətlərinin özəl və xarici şirkətlərə qarşı olan rəqabət üstünlüyünü tənzimləyəci sözünü verib.

            Yekunda onu qeyd etmək olar ki, Çin iqtisadiyyatı elə bir səviyyəyə çatıb ki, hökümət artıq ölkəni lokal olaraq deyil, qlobal dünya lideri ölkəsi kimi idarə edir. Çin iqtisadiyyatının qlobal iqtisadi böyümənin lokomativinə çevrilməsində düzgün mərkəzləşdirilmiş islahatların önəmli rolu var. Çinin belə tempdə inkişafı və hədəflərinin dünyada ikinci yox məhz birinci ölkə olması, qərb dünyasını narahat etməyə bilməz.

Müəllif

ƏLİ DADAŞZADƏ

           

Son xəbərlər
Digər xəbərlər