8 C
Baku
Friday, January 16, 2026

“Madison Air” ABŞ-də 2 mlrd. dollarlıq IPO keçirməyi planlaşdırır

Ventilyasiya və filtrasiya sistemləri tədarükçüsü “Madison Air” ABŞ-də səhmlərin ilkin yerləşdirilməsi (IPO) zamanı ən azı 2 milyard dollar cəlb etməyi planlaşdırır. Bu barədə müzakirələrlə tanış mənbələrə istinadən “Bloomberg” yazır.

Agentliyin məlumatına görə, “Madison Air” dekabr ayında IPO üçün məxfi müraciət təqdim edib. Şirkət yerləşdirmə üzərində “Jefferies Financial Group”, “Wells Fargo”, “Bank of America”, “Citigroup” və “Royal Bank of Canada” ilə işləyir.

Mənbələr əlavə ediblər ki, danışıqlar davam edir və “Madison Air”in IPO-su ilə bağlı detallarda dəyişikliklər ola bilər. Şirkət “Bloomberg”in sorğusuna cavab verməyib, investisiya banklarının nümayəndələri isə şərh verməkdən imtina ediblər.

“Madison Air” “Madison Industries” holdinqinə daxildir və 2017-ci ildən başlayaraq bir sıra satınalmalar nəticəsində formalaşıb. Şirkət yaşayış məkanları və kommersiya müştəriləri üçün — o cümlədən məlumat mərkəzlərində, qabaqcıl istehsalat sahələrində, təhsil və səhiyyə sektorlarında — hava keyfiyyətinin yaxşılaşdırılmasına dair həllər təklif edir.

ABŞ-də 2026-cı ilin əvvəlində IPO planlaşdıran təkcə “Madison Air” deyil. Rəqəmsal aktivlərlə iş platforması “BitGo Holdings” 201 milyon dollara qədər IPO üçün müraciət edib. Məlumat mərkəzlərində istifadə olunan elektroavadanlıq istehsalçısı “Forgent Power Solutions” də yerləşdirmə planlaşdırır. Braziliyalı fintex şirkəti “PicPay” IPO üçün sənədlər təqdim edib.

Ümumilikdə, “Bloomberg” yazır ki, ABŞ IPO bazarı pandemiya dövründə müşahidə olunan rekord səviyyəyə çata və hətta onu ötə biləcək çoxsaylı sövdələşmələrə hazırlaşır. Agentliyin hesablamalarına görə, 2025-ci ildə şirkətlər IPO-lar vasitəsilə 47,6 milyard dollar cəlb ediblər; müqayisə üçün, 2021-ci ildə bu göstərici 195,2 mlrd dollar olmuşdu.

Ən çox gözlənilən yerləşdirmələr arasında “SpaceX” (təsisçisi İlon Mask) ilə yanaşı, süni intellekt sahəsinin nəhəngləri “OpenAI” və “Anthropi”c də var. “Bloomberg”in məlumatına görə, “SpaceX” 30 milyard dollardan çox vəsait cəlb etməyi hədəfləyir — bu halda IPO 2019-cu ildə “Saudi Aramco”nun 29 milyard dollarlıq rekordunu üstələyərək tarixdə ən iri yerləşdirmə ola bilər.

“Reuters” yazıb ki, “OpenAI” bazara 1 trilyon dollara qədər qiymətləndirmə ilə çıxış variantlarını nəzərdən keçirir; ilkin olaraq ən azı 60 milyard dollar cəlb edilməsi müzakirə olunur, lakin məbləğ biznesin dinamikasından və bazar şəraitindən asılı olaraq dəyişə bilər. “Financial Times” isə “Anthropic”in IPO-da “OpenAI”ni qabaqlaya biləcəyini yazıb. Bununla belə, mənbələr bu Sİ şirkətlərinin IPO-larının 2026-da deyil, daha gec — 2027-ci ildə baş tuta biləcəyini də istisna etmirlər.

Son xəbərlər
Digər xəbərlər