Venesuela prezidenti Nikolas Maduro hökumətdə kadr dəyişikliyi elan edib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. Məlumata görə, Delsi Rodriqes vitse-prezident postunu saxlayıb və eyni zamanda Neft Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilib. Daha əvvəl bu vəzifəni icra edən Pedro Telyeçea isə Sənaye və Milli İstehsal Nazirliyinin rəhbəri olub.
Müdafiə naziri Vladimir Padrino Lopez, yerli xalqlarla iş üzrə nazir Klara Vidal, icmalar və ictimai hərəkatlar naziri Anxel Prado öz vəzifələrini saxlayıblar.
Milli Assambleyanın sədri Diosdado Kabelyo daxili işlər naziri təyin edilib. Kənd Təsərrüfatı Nazirliyinə general Menri Fernandes, Turizm Nazirliyinə – Letisiya Qomes, Maliyyə Nazirliyinə – Anabel Pereyra Fernandez rəhbərlik edəcək. Arnaldo Sançes idman naziri, Xuan Xose Ramires isə ictimai işlər naziri təyin edilib.
İyulun 29-da Venesuela hakimiyyəti Nikolas Maduronun prezident seçkilərində qalib gəldiyini elan edib. Bu, onun ardıcıl üçüncü müddətdir. Bundan sonra Karakasda kütləvi etirazlar başlayıb, 1 mindən çox insan saxlanılıb. Avqustun 23-də Venesuela Ali Məhkəməsi cənab Maduronun yenidən seçilməsini təsdiqləyib.