Əlavə reallıq sahəsində ən perspektivli startaplardan biri olan “Magic Leap” böhran içindədir. Belə ki, onun qurucusu və eyni zamanda siması olan Roni Aboviç vəzifəsini tərk edir.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
Xatırladaq ki, “Magic Leap” startapına “Alibaba”, “Qualcomm” və “Google” kimi nəhənglər, o cümlədən Səudiyyə Ərəbistanı belə investisiya qoymuşdur. Startapın investorlara nümayiş etdirdiyi demo-roliklərdən sonra bazar yeni cihazın bir neçə il ərzində çıxacağını gözlədi və nəticədə məyus oldu. Belə ki, 2018-ci ildə buraxılan “Magic Leap One” əlavə reallıq qarniturunun displeyi gözləniləndən çox kiçik idi.
Bundan əlavə, məlum oldu ki, həmin roliklər şirkətin mütəxəssisləri tərəfindən çəkilib və cihazın real imkanlarını əks etdirmirlər. “Magic Leap One” cihazının digər mənfi cəhəti isə onun qiymətidir – 2 min dollar.
Uğursuzluqlar şirkəti işçilərini ixtisar etməyə məcbur edib. İndiyədək mindən çox işçi işdən çıxarılıb və təxminən 350 milyon dollar maliyyə cəlb edilib.
“Magic Leap” şirkətinin təcrübəsi bizə əlavə reallığın oyunlar və ya məlumatların istehlakı üçün əlverişsiz olduğunu göstərir. Daha əvvəl ”Microsoft” şirkətinin bazara çıxardığı “Google Glass” və “HoloLens” qadjetləri yalnız korporativ sırada öz alıcısını tapa bilmişdir.