Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub. Müsabiqənin nəticələri Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında yerləşdirilib.
DİM-dən bildirilib ki, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1554 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 610 nəfər (o cümlədən 110 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub.
Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyasını (PDF formatında) sabah günün ikinci yarısından etibarən DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə də əldə etmək mümkündür.
Qəbul olunan şəxslər avqustun 14-dən 21-dək (saat 18:00-dək) tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.