Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu gün saat 09:20-yə olan məlumata əsasən, 17275 bakalavr (Azərbaycan bölməsi – 15844; rus bölməsi – 1431) ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş, eləcə də digər bakalavrlar bu gün saat 23:59-dək elektron ərizələrini təsdiq edə bilərlər.
Sənəd qəbulunda iştirak etmək istəyənlərin ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet”i olmalıdır. Ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edilir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə DİM-in səhifəsində tanış olmaq mümkündür.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə müvafiq linkə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
İmtahan fevralın 19-da keçiriləcək.