Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynaya üzvlük üçün namizəd statusu verməyə hazırdır, lakin bu proses vaxt tələb edir. Onun sözlərinə görə, Ukrayna “sabah Aİ-yə üzv olmayacaq”.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Cənab Makronun izah etdiyi kimi, Ukraynaya Aİ üzvlüyünə namizəd statusu verilsə belə, bu proses sürətli olmayacaq. Bunun üçün bir sıra şərtlər müəyyənləşdiriləcək və Avropa Komissiyası ilə razılaşdırılmalı olan yol xəritəsi hazırlanacaq. Lakin Fransa prezidentinin fikrincə, namizəd statusunun verilməsi “artıq ümid siqnalıdır”.
“Hazırda… belə çətin anda ukraynalılara “bir qədər sonra gəlin” deməyə haqqımız yoxdur. Ona görə də biz indi onlara siqnal verməliyik: bəli, biz sizə namizəd statusu verməyə hazırıq (Aİ-yə daxil olmaq üçün)”, – deyə Makron qeyd edib.
Fransa prezidenti dünən, iyunun 16-da Almaniya kansleri Olaf Şolts və İtaliyanın baş naziri Mario Draqi ilə birlikdə Kiyevə səfər edib.