Malayziya enerji böhranının təsirini yumşaltmaq üçün $1,5 milyard ayırır

Malayziya hökuməti İran ətrafında gərginliyin artması nəticəsində yaranmış qlobal enerji böhranının təsirlərindən enerji sektorunu və əhalini qorumaq məqsədilə təxminən 1,51 milyard dollar subsidiya ayırır. Bu barədə New Straits Times qəzeti ölkənin maliyyə naziri Amir Hamza Azizanın sözlərinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, münaqişə “strateji əhəmiyyətli Hörmüz boğazı vasitəsilə hərəkəti pozub ki, bu da qlobal neft tədarükündə məhdudiyyətlərə və dəniz daşımalarının qiymətinin üç dəfə artmasına səbəb olub”. Maliyyə naziri qeyd edib ki, logistika üzrə sığorta haqları 16 dəfə artıb və bu da dünya üzrə yanacaq qiymətlərinin kəskin yüksəlməsinə gətirib çıxarıb. Eyni zamanda, Malayziyanın gündəlik neft tələbatı təxminən 700 min barel təşkil edir ki, bu da daxili hasilat göstəricilərindən demək olar iki dəfə çoxdur.

Amir Hamza Azizan bildirib ki, hökumət subsidiyalar hesabına Aİ-95 markalı benzinin qiymətini hər nəfər üçün aylıq ilk 200 litr üzrə 1,99 ringgit (0,5 dollar) səviyyəsində saxlayır. İctimai nəqliyyat, fövqəladə xidmətlər və balıqçılıq sektoru daxil olmaqla bir sıra sahələr üçün dizel yanacağına da subsidiyalar tətbiq olunur. Bundan əlavə, təxminən 340 min vətəndaş üçün aylıq nağd yardım 200 ringgitdən (50,4 dollar) 300 ringgitə (75,6 dollar) qaldırılıb.

Daha əvvəl Malayziyanın baş naziri Ənvər İbrahim bildirmişdi ki, Kuala-Lumpur Tehranla yeddi gəminin Hörmüz boğazından keçidi üçün razılıq əldə edib. Daha sonra o qeyd edib ki, Malayziyaya məxsus altı gəmi artıq boğazdan keçərək vətənə doğru yola düşüb. Baş nazir bununla bağlı ümid etdiyini bildirib ki, “aprel və may aylarında neft tədarükü nəzarət altında qalacaq”.

Son xəbərlər
Digər xəbərlər