Malayziyada bu ilin iyun ayının 1-dən ölkədən çıxan turistlərdən 20 rinqqitdən 40 rinqqitə qədər (8 manatdan 18 manata qədər) turist vergisi tutulacaq. Vergi ölkəni müntəzəm reyslər və kruiz səfərləri ilə tərk edən turistlərə tətbiq olunacaq.
Çarter reyslərinin sərnişinlərinə isə bu verginin aidiyyəti yoxdur. Səfər ACEAN ölkələrinə (Tailand, Vyetnam, İndoneziya, Kamboca, Filippinlər, Sinqapur, Myanma, Bruney, Laos) olduqda verginin məbləği 20, digər istiqamətlərə isə 40 Malayziya rinqqiti olacaq.
Yerli hakimiyyət orqanlarının mövqeyinə görə, ölkədən çıxış üçün vergi turist axınına əsaslı şəkildə təsir etməyəcək. “Buna oxşar yığım artıq bir neçə ölkədə mövcuddur – bəziləri onu vergi kimi tutur, bəziləri də biletlərin qiymətinə əlavə edir”, – Malayziyanın turizm və mədəniyyət naziri Mohamaddin Ketapi deyib.
Xatırladaq ki, bu ilin yanvar ayında Yaponiya ölkəni təyyarə və gəmi ilə tərk edən turistlərə min yen (20 manat) məbləğində vergi tətbiq etməyə başlayıb. Bu rüsum həm ölkə vətəndaşlarından, həm də əcnəbilərdən tutulur.