Malayziyanın Seçki Komissiyasının sədri Əbdül Qani Saleh bazar günü Putracayada keçirdiyi mətbuat konfransında bildirib ki, noyabrın 19-da ölkədə təşkil olunan parlament seçkilərində iştirak edən partiyaların koalisiyalarından heç biri qanunverici orqanın aşağı palatasında səs çoxluğu qazana bilməyib.
Bu barədə “New Straits Times” qəzeti məlumat yayıb.
“Seçkilərin nəticələrinə görə, koalisiyaların heç biri mandatların 50 %-dən çoxunu ala bilməyib”, – qəzet onun sözlərini sitat gətirib.
Aşağı palatada 222 deputat təmsil olunur və hökuməti formalaşdırmaq üçün koalisiya azı 112 yer tutmalıdır. Bu günə kimi aşağı palatada 219 deputata verilən səslər hesablanıb. Baş nazirin keçmiş müavini Ənvər İbrahimin müxalif “Ümid Alyansı” koalisiyası 76 mandat alıb. İkinci yerdə 73 mandatla keçmiş baş nazir Muhiddin Yasinin rəhbərlik etdiyi mühafizəkar koalisiya olan Milli Alyans yerləşir.
Baş nazir İsmayıl Sabri Yakubun rəhbərlik etdiyi “Milli Cəbhə” koalisiyası aşağı palatada 30 yer əldə edib. Bundan əlavə seçki dairəsində də uduzmuş keçmiş baş nazir, 97 yaşlı Mahathir Mohamad yarışın favoriti deyildi, lakin uzun siyasi karyerasına görə müşahidəçilərin diqqətini cəlb edib.