10 C
Baku
Friday, December 27, 2024

Maliyyə hesabatları

Maliyyə hər bir şirkətin ən mühüm biznes funksiyası, mühasibatlıq isə “biznesin dili” sayılır. O səbəbdən biznesi əhatə edən rəqəmlərin və maliyyə hesabatlarının başa düşülməsi hər bir menecer üçün olduqca vacibdir.
Dövri olaraq hazırlanan maliyyə hesabatları şirkətin maliyyə durumunu, fəaliyyətinin nəticələrini əks etdirir. Bu fəsildə həmin hesabatların necə əmələ gəldiyini, onların əsasını təşkil edən elementləri görəcəyik.

Qeyd edək ki, şirkətin əsas portretini təsvir edən 3 əsas maliyyə hesabatı aşağıdakılardır: 1) Mənfəət-zərər hesabatı, 2) Balans hesabatı, 3) Kassa hesabatı.

Mənfəət-zərər hesabatı şirkətin dövr ərzində nə itirib nə qazandığını (gəlirləri və xərcləri) təsvir edir.

Mənfəət (zərər) = gəlirlər – xərclər

Gəlirlər xərclərdən çox olduqda mənfəət, əks halda isə zərər meydana gəlir.

Balans hesabatı isə dövr ərzindəki fəaliyyəti yox, konkret ana olan vəziyyəti (hesabların qalığını) göstərir.

Kassa hesabatı nağd vəsaitlərin dövr ərzindəki hərəkətini təsvir edir.

Kassa hesabatının meydana gəlməsinin əsas səbəbi nağd pulun şirkət üçün kəsb etdiyi əhəmiyyətlə bağlıdır.

Bəzən şirkətlər mənfəətlə işlədiyi halda nağd pul çatışmazlığından əziyyət çəkirlər. Ona görə şirkətlər nağd pulun idarə olun¬masına və hesabatlığına xüsusi diqqət yetirməlidirlər.

Biznesi və ya biznes vahidini idarə edən menecer vaxtaşırı olaraq biznesin performansını müəyyən etmək üçün bu maliyyə hesabatlarına diqqət yetirməli, qərarların qəbul olunmasında onlara əsaslanmalıdır.

500 il əvvəl İtalyan alimləri tərəfindən irəli sürülən ikili daxilolma qaydaları bu gün də alternativsiz olaraq bütün dünya tərəfindən istifadə olunur. İkili daxilolmanın əsas prinsipi ondan ibarətdir ki, hər bir əməliyyatın 2 tərəfi var – bir hesabda baş verən dəyişiklik digər hansısa hesabda həmin kəmiyyətdə dəyişikliyə səbəb olur, nəticədə balans əmələ gəlir.

Məsələn, şirkət bankdan 1000 AZN kredit alırsa, həm kassadakı vəsait, həm də banka olan borc 1000 AZN artır. Göründüyü kimi, əməliyyatın nəticəsi 2 hesabda (kassa və bank krediti) əks olunur.

Maliyyə hesabatları müxtəlif məqsədlər üçün hazırlana bilər. Məsələn, vergi öhdəliyini müəyyən etmək üçün, investisiya potensialını müəyyən etmək üçün, şirkətin bazar dəyərini müəyyən etmək üçün və s. Məqsədindən asılı olaraq hesabatların son nəticəsi fərqli olacaqdır. Ona görə də, maliyyə hesabatlarını şərh edərkən hesabatın hazırlanma məqsədinə, təyinatına diqqət yetirmək lazımdır.

Qeyd edək ki, maliyyə hesabatlarında fərqlər həm də müxtəlif ölkələrdəki qanunvericiliyə görə mövcud olur. Hesabatlarda tətbiq olunan standartlar qanunvericiliyin tələblərinə uyğun olaraq müxtəlif ola bilir.

Bəs maliyyə hesabatları kimlər üçün hazırlanır? Nə məqsədlə istifadə olunacaqdır?
Maliyyə hesabatları müxtəlif məqsədlərə hazırlandığı kimi, istifadəçiləri (maraqlı tərəflər) də müxtəlifdir. Qeyd edək ki, hesabatların istifadəçiləri daxili (menecerlər) və xarici (vergi orqanı, kredit təşkilatları və s.) olur.

Digər tərəfdən, hesabatların bir qrup istifadəçiləri şirkətin maliyyə durumu ilə maraqlandıqları halda, digərləri şirkətin fəaliyyətinin qanunvericiliyə uyğun olub-olmadığını müəyyən edirlər. Birinci qrupa investorlar, səhmdarlar, kredit təşkilatları, təchizatçılar və s. aiddir. İkinci qrupa isə vergi orqanları və digər dövlət tənzimləyici təşkilatları aiddir.

Əlbəttə, müxtəlif kateqoriyadan olan istifadəçilərin hesabatara yanaşma tərzi də fərqlənəcəkdir.

Aşağıdakı cədvəldə maliyyə hesabatlarının müxtəlif istifadəçiləri göstərilmişdir:

İstifadəçilər Onlar nə istəyir?

Şirkətin sahibi

Qazancının nə qədər olmasını, nə qə­dər borcu olmasını və s. bilmək istəyir. Qeyd edək ki, şirkətin sahibini digər­lə­rindən fərqləndirən odur ki, şirkətin son məqsədi və aqibəti birbaşa onunla bağlıdır, şirkətin taleyi ilə bağlı müstəsna söz sahibidir.

İnvestor/səhmdar

Onlar qoyduqları investisiyanın taleyi ilə maraqlanır və ya investisiya qoymaq üçün şirkətin potensialını araşdırır. Adətən investorlar daha ətraflı və detallı infor­masiya tələb edirlər.

Kredit təşkilatı

Şirkətin borcu və faizləri qaytara bilmə imkanını müəyyən edirlər.

Rəqib

Rəqib şirkəti öz şirkəti ilə müqayisə edir, boşluqları müəyyən edib uyğun olaraq davranırlar. Bundan başqa, bazar payının bölgüsünü, məhsul çeşidləri üzrə statistika, xərclərin tərkibi və s. olduqca maraqlıdır.

Menecer/işçi

Menecerlər maliyyə nəticələrindən qə­rar vermədə tez-tez istifadə edir. Bundan başqa, işçilər işlədikləri şirkətin nə dərə­cədə dayanıqlı olduğunu, bazardakı möv­qeyini bilmək istəyir.

Müştəri/təchizatçı

Tərəfdaşlarının potensial imkanlarını araşdırmaq üçün.

Vergi orqanı

Vergi öhdəliklərinin düzgün yerinə yeti­rilməsinə nəzarət edir.

 

Hazırda şirkətlərin 90 %-ə qədərində mühasibat uçotu hesablama metodu ilə aparılır. Amma bəzi kiçik müəssislərdə kassa metodundan da istifadə olunur. Bu 2 metod arasında başlıca fərq gəlir və xərcin tanınması vaxtı ilə əlaqədardır.

Kassa metodunda satışdan pul daxil olduğu zaman gəlir sayılır. Hesablama metodunda isə satış baş verdiyi andan tam məbləğdə gəlir sayılır. Başqa sözlə, nağd pulun əldə olunması hüququ əldə edilən zaman gəlir sayılır. Xərc də eyni üsulla uçota alınır. Yəni pul kassadan məxaric olan zaman yox, öh¬dəlik yaranan zaman xərc hesab olunur.

Nəzərə alsaq ki, biznesdə satışın əhəmiyyətli hissəsi qeyri-nağd (kredit) yolu ilə həyata keçirilir, belə də kassa metodu heç vaxt maliyyə vəziyyətini dürüst əks etdirə bilməz.

Ümumiyyətlə, kassa metodu asan olsa da, qüsurlu sayılır – öhdəliklər nəzərə alınmır, debitor borcları gəlirdə öz əksini tapmır və s.

Maliyyə hesabatlarında istifadə olunan bəzi anlayışlara diqqət yetirək:

Aktivlər – Şirkətə məxsus olan, maliyyə dəyəri olan hər bir şey. Məsələn, bina, fabrik, avadanlıq, pul, mal və s.

Audit – Maliyyə hesabatlarının qəbul olunmuş prinsiplərə uyğun tərtib olunmasının sərbəst mütəxəssis (auditor) tərəfindən təftiş olunması.

Əsas vəsaitlər – Şirkətdə bir ildən çox müddətdə istifadə olunması gözlənilən, satış üçün nəzərdə tutulmayan aktivlər.

Amortizasiya – Əsas vəsaitlərin dəyərinin gözlənilən istifadə müddəti ərzində illik olaraq xərc kimi tanınması. Əsas vəsaitin istifadəsindən şirkət bir ildən artıq müddətdə xeyir gördüyü üçün onun xərci də həmin dövrlər ərzində bölüşdürülür (amortizasiya şəklində).

Kapital – Şirkətin səhmdarların ixtiyarında olan rezervləri. Buraya səhmdarların qoyduğu investisiya, eləcə də qazanılmış, lakin xərclənməmiş mənfəət daxildir.

Passivlər – Şirkətin bütün qısamüddətli (1 ilə qədər) və uzunmüddətli (1 ildən çox) öhdəlikləridir.
Dövriyyə kapitalı – Şirkətin gündəlik fəaliyyəti üçün nəzərdə tutulmuş kapital (dövriyyə kapitalı = cari aktivlər – cari passivlər)

Mənfəət-zərər hesabatı

Yuxarıda qeyd etdiyimiz kimi, mənfəət-zərər hesabatı şirkətin dövr ərzində gəlirlərini və xərclərini təsvir edir.

Aşağıdakı nümunə üzrə mənfəət-zərər hesabatının elementlərini saf-çürük edək.

  Cari dövr (min AZN-lə) Əvvəlki dövr (min AZN-lə)
Satış (gəlirlər)

Satışın dəyəri

ÜMUMI MƏNFƏƏT

 

OPERATİV XƏRCLƏR

Ofisin təminatı

Ümidsiz borclar

İcarə

Əməkhaqqı

Satış və Marketinq

Nəqliyyat

Kommunal xidmətlər

Amortizasiya

 

CƏMİ OPERATİV XƏRCLƏR

 

OPERATİV MƏNFƏƏT

 

Faiz xərcləri (kredit üzrə)

Qeyri-adi xərclər

 

VERGİYƏ CƏLB OLUNAN MƏNFƏƏT

Mənfəət vergisi

XALİS MƏNFƏƏT

Dividentlər

QALIQ (SƏRƏNCAMDA QALAN)

MƏNFƏƏT

 

2200

1700

500

 

 

46

24

15

245

30

20

12

45

 

437

 

63

 

20

10

 

33

7

26

12

14

2050

1600

450

 

 

42

20

14

194

22

18

11

35

 

356

 

94

 

15

0

 

79

16

63

10

53

Ümumi dövriyyədən (satışdan) satışın dəyərini (satılmış məhsulun və ya göstərilmiş xidmətlərin dəyəri) çıxanda ümumi mənfəət alırıq.

Satış – Satışın dəyəri = Ümumi mənfəət

Bu, şirkətin fəaliyyətinin əsas nəticəsini təsvir edir. Çünki yerdə qalan xərclər (operativ xərclər, faiz xərcləri) dövriyyədən asılı olmayıb əsasən əvvəlcədən müəyyən olunmuş, bəlli olan və nisbətən sabit xərclərdir.

Satışla bağlı vergilər (ƏDV, aksiz və s.) Ümumi dövriyyəyə aid edilmir. Çünki bu vergilər şirkətə deyil, dövlət büdcəsinə məxsusdur.

Satışın dəyərinə isə satışla birbaşa bağlı olan bütün xərclər aiddir. Bunlar o xərclərdir ki, satış baş verməsəydi, bu xərclər olmayacaqdı. Misal olaraq material xərcləri, satışla bağlı əmək haqqı, qablaşdırma və s. göstərə bilərik.

Ümumi mənfəət norması (ümumi mənfəətin satışa nisbəti) şirkətin rentabelliliyinin əsas göstəricisi sayılır. Yuxarıdakı nümunədə ümumi mənfəət norması (500/2200) 23%-dir. Yəni satışın 23 %-i ümumi mənfəət kimi qalır. Menecerlər ümumi mənfəət normasının azalmamasına xüsusi diqqət yetirirlər.

Operativ xərclərə şirkətin normal fəaliyyətini təmin etmək üçün zəruri olan, satışa bağlı olmayan xərclərdir. Bunlara misal olaraq marketinq xərcləri, təsərrüfat xərcləri, kommunal xərclər, ofisin təminatı, aylıq sabit əmək haqqı və s. aiddir. Operativ xərcləri ümumi mənfəətdən çıxdıqdan sonra operativ mənfəət alınır:

Ümumi mənfəət – operativ xərclər = operativ mənfəət

Operativ mənfəətdən faiz xərclərini və mənfəət vergisini çıxdıqdan sonra xalis mənfəət alınır.

Operativ mənfəət – faiz xərcləri – mənfəət vergisi = xalis mənfəət

Səhmdarlar xalis mənfəətin maksimum çox olmasında maraqlıdır. Çünki divident xalis mənfəətdən ayrılır. Xalis mənfəətdən səhmdarlara divident ayrıldıqdan sonra qalıq mənfəət (sərəncamda qalan mənfəət) alınır. Beləliklə, vergiyə cəlb olunan mənfəət aşağıdakı qaydada bölünür:

Divident ayrıldıqdan sonra qalıq mənfəət səhmdarlar tərəfindən yeni investisiya qoyuluşu (reinvestisiya) hesab olunur. Reinvestisiyada məqsəd mənfəətin bir hissəsinin inkişafa yönəldilməsi, bununla da şirkətin daha dayanıqlı şəkildə fəaliyyətinin təmin olunmasıdır.

Son xəbərlər
Digər xəbərlər