Maliyyə köpükləri və onların formalaşmasının səbəbləri

Tarixən maliyyə köpükləri yeni inqilabi texnologiyalar ortaya çıxdıqda meydana gəliblər: dəmir yolu, elektrik enerjisi, avtomobil, bitkoin və digərləri.

Bəs maliyyə köpüyü nədir? Terminologiyada tərif belə səslənir: aktivin bazar dəyərinin onun fundamental dəyərindən əhəmiyyətli dərəcədə fərqlənməsi.

Təcrübədə gördüyümüz isə başqadır. Aktivlər və ya maliyyə alətləri bəzi spekulyativ maraqların təsiri nəticəsində sürətlə böyüyür. Qeyd edək ki, uzunmüddətli perspektivdə bu spekulyativ maraq olduqca dəyişkəndir. Beləliklə, müəyyən kritik qiymətə çatdıqda, spekulyantlar mənfəəti fiksasiya edirlər və köpük partlayır – nəticədə qiymət fundamental dəyərinə düşür.

Köpüyün ən bariz nümunələrindən biri “tülpanomaniyadır”. Tülpanomaniya  1636-1637-ci illərdə tülpan toxumalarına tələbatın kəskin artması ilə əlaqələndirilir.

Bu, Hollandiyada baş verib. 1634-1636-cı illər ərzində dağlaləsinin qiyməti asta-asta olsa da, qalxmağa davam edirdi. Məsələn, 1636-cı ilin yanvarından may ayınadək “Gouda” sortundan olan dağlaləsinin qiyməti 1,7 dəfə artdı. Beş ayda 78,5% artım hollandların marağını çəkdi və onlar bu aktivi təkcə gəlirli əmtəə deyil, eyni zamanda spekulyasiya obyekti kimi nəzərdən keçirməyə meylli oldular.

1634-cü ildən bəri hollandlar soğanaqların alverində fyuçerslərdən istifadə etməyə başladılar. 1636-cı ildə isə Hollandiya parlamenti yeni qanun layihəsini qəbul etmək istədi. Bu qanuna görə, fyuçers sahibi əmtəəni almaqdan imtina etdikdə 3,5% cərimə ödəyərək, bütün digər problemlərdən yaxa qurtarmış olurdu.

Məsələn, bir şəxs növbəti ilin yay aylarında tülpan becərməyi planlaşdırır və bunun üçün qabaqcadan müəyyən sayda fyuçers alır. Alış zamanı qiymət 100 gulden (Hollandiyada 17-ci əsrdə istifadə edilən pul vahidi) olur. Tutaq ki, yayda qiymət 150 guldenə qalxır. Nəticədə həmin şəxs 50 gulden gəlir əldə edir. Yox, əgər yayadək soğanağın qiyməti aşağı düşərsə (məsələn, 80 guldenə), bu halda alıcı 3,5 gulden (3,5%) cərimə ödəyərək satınalmadan imtina etmək hüququna malik olur.

Daha sadə desək, parlament soğanağa opsion tətbiq etmək istəyirdi.

Göründüyü kimi, qanun layihəsi qəbul olunmadı, lakin sadə vətəndaşların tülpan fyuçerslərinə marağı xeyli artdı.

Tülpanomaniyanın pik nöqtəsi 1636-cı ilin oktyabrından 1637-ci ilin fevralına qədər davam etdi. Qiymət aşağı düşməyə başlamazdan 4 ay əvvəl soğanaqların qiyməti təxminən 20 dəfə artdı. 1637-ci ildə fevralın əvvəllərində həyəcan bir qədər azaldı və yayılan şayiələrə görə, artıq heç kim belə baha qiymətə tülpan almaq istəmədi. Nəticədə ölkəni panika bürüdü və tülpan becərənlər sürətlə mallarını satmağa başladı.

İnternet-şirkətlərin köpüyü

İnternet-şirkətlərin köpüyünə bəzən “dotkom” köpüyü də deyirlər. O, 1990-cı illərin sonunda ABŞ-dakı texnologiya şirkətlərinin səhmlərinin sürətlə bahalaşması sayəsində meydana gəlib.

Faktiki olaraq, bu köpüyün böyüməsinə təsir göstərən əsas amil İnternetin inkişafı olub. “Dotkom” köpüyü yaranma səbəblərinə görə ICO bumuna bənzəyir.

ICO – investisiya cəlb etməyin formalarından biridir, sabit sayda kriptovalyuta satışı yolu ilə həyata keçirilir.

Köpüyün böyüdüyü müddətdə bir çox startaplar böyüməyə can atırdı. Onlar bütün gücünü yenilikçi texnologiyaların yaradılmasına deyil, marketinq fəaliyyətlərinə yönəldi. İnvestorlar şirkətlərin maliyyə sağlamlığına fikir vermirdi. Məhz buna görə də marketinq kampaniyası zamanı nümayiş etdirilən məlumat kifayət edirdi.

10 mart 2000-ci ildə Nasdaq indeksi pik səviyyəyə çatdı (5048 bənd) və bu, əvvəlki ilə nisbətən təxminən iki dəfə çox idi. Həmin dövrdə “Dell” və “Cisco” kimi bir sıra aparıcı texnologiya şirkəti səhmlərini satmağa başladı. Bu isə investorlar arasında panika yaratdı.

Bazar kapitallaşması yüz milyonlarla dollar olan dotkom şirkətləri bir neçə ay ərzində dəyərdən düşdü. 2001-ci ilin sonunda onların əksəriyyəti bağlandı, trilyonlarla dollarlıq investisiya kapitalı isə “buxarlandı”.

Köpüklərin səbəbləri

İrrasional bolluq. Bu halda investorlar aktivləri güclü psixoloji təsir altında alırlar. Məsələn, marketinq kampaniyası nəticəsində.

Sürü davranışı. İnsanlar məşhurların heç vaxt səhvə yol vermədiyini hesab edirlər. Və buna görə də kor-koranə onlara inanmağa başlayırlar. Bitkoinin bahalaşdığı dövrü xatırlayın: həmin ərəfələrdə “YouTube” platformasında demək olar ki, bütün bloqqerlər kriptovalyutaya sərmayə etdiyini deyirdi.

Düşünürük ki, onları izləyən insanların ən azı 20%-i düşünmədən bütün pullarını bitkoinə xərclədi.

Qısamüddətli məqsədlər. Pərakəndə investorların çoxu köpük formalaşan dövrdə qısamüddətli gəlirlərə valeh olur. Məsələn, yuxarıda qeyd etdiyimiz tülpanomaniya. Beş ay ərzində 78,5% gəlirlilik hollandları daha çox sərmayə qoymağa və maliyyə köpüyünü şişirtməyə sövq etdi.

Bazarı aşılamaq ümidi. İnvestorlar bazarda nəyinsə səhv olduğunu və bunun maliyyə köpüyünə bənzədiyini başa düşürlər. AMMA! Əksəriyyət köpük partlamamış xilas ola biləcəyinə inanır.

Koqnitiv dissonans. Pərakəndə investorların beyni yalnız onların inanclarına uyğun gələn məlumatları etibarlı hesab edir. Həqiqətən mənfi olan siqnallar isə nəzərdən qaçır.

Maliyyə qeyri-sabitliyi fərziyyəsi. Bu nəzəriyyəyə görə, iqtisadiyyatın sürətlə inkişaf etdiyi dövrdə rasional düşüncə bir qədər bulanıqlaşır. Məsələn, əvvəlcə banklar depoziti girov götürüb ipoteka verirlər, bununla yanaşı borcalanın bu vəsaiti qaytara bilmək qabiliyyətini xüsusi meyarlara uyğun olaraq diqqətlə yoxlayırlar.

Daha sonra yaşayış evlərinin qiyməti qalxır və iqtisadiyyat böyüyür. Bu halda həm borcalan, həm borcverən böyük risklərə getməyə hazır olur: banklar daha az depoziti girov alıb kredit verirlər, kreditləşmə daha cəlbedici görünməyə başlayır.

Kreditləşmə həcminin artması isə aktivlərin qiymətinə təsir göstərir. İnsanlar qiymətlərin daha çox artmasını gözləyərək daha çox almağa başlayır.

Tənzimləyici orqanlar da bu tələyə düşür. Sürətli qiymət artımını görən tənzimləyicilər spekulyativ borclara icazə verirlər. Aktivlərin qiymətləri artmayanda isə borcalanlar borclarını ödəmək üçün kifayət qədər pullarının olmadığını başa düşürlər.

Pul-kredit siyasəti. Tarixdə bir ölkənin pul-kredit siyasəti nəticəsində köpüklərin meydana gəldiyi hallar da olub. Məsələn, FED-in faiz dərəcələrini aşağı səviyyədə saxlamaq qərarı 2000-ci illərin kredit köpüyünə səbəb oldu. Banklar ucuz pullar paylayırdılar, insanlar isə artan likvidliyə görə yatırım edirdilər.

Köpüklərin iqtisadiyyata təsiri

Əksər vaxtlarda maliyyə köpüyü yalnız inkişaf etdiyi sənayeyə təsir göstərir. Məsələn, kriptovalyuta bazarındakı son köpüyü götürək. Faktiki olaraq, 2018-ci ildə kriptovalyuta bazarının çöküşü yalnız kriptosənayeyə təsir etdi. İnsanlar mayninq üçün daha az avadanlıq almağa başladı, ICO bumu başa çatdı və s. Lakin bununla yanaşı, iqtisadiyyatın bütün sahələrinə təsir göstərən köpüklər də var. Qeyd edək ki, onlar təkcə bir ölkənin iqtisadiyyatına deyil, bütün dünyanın maliyyə sisteminə təsir edə bilirlər. Bunlara daşınmaz əmlak və fond bazarındakı köpükləri aid etmək olar.

Məsələn, 2006-2008-ci illərdə daşınmaz əmlak bazarındakı köpük qlobal iqtisadi böhranın başlamasına səbəb oldu.

 

 

 

 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.