11 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

Maliyyə naziri: Dünyada neftə tələb tədricən azalacaq, bunu nəzərə almalıyıq

“Biz uzun illər Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən asılılığı barədə müzakirə aparırdıq”.

Bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov iqtisadiyyatın transformasiyası ilə bağlı sualları cavablandırarkən bildirib.

Maliyyə naziri deyib ki, hökumət qeyri-neft sektorunun inkişafında maraqlıdır: “Lakin dünyada baş verən proseslər, xüsusən iqlim dəyişikliyi reallığı var. Artıq beynəlxalq miqyasda bir sıra razılıq əldə olunub. Bir çox dövlət müxtəlif öhdəliklər götürüb. Söhbət, əsasən, istixana qazlarının məhdudlaşmasından gedir. Bu, neft və qaz hasil edən ölkələr üçün olduqca ciddi çağırışlar yaradır. Artıq müxtəlif proqnozlar mövcuddur. Proqnoz odur ki, dünyada tədricən karbohidrogen yanacaqlarından istifadə azalacaq. Biz də bunu nəzərə almalıyıq. Daxili yanma mühərriklərindən elektrik mühərriklərinə keçid baş verir. Daxili yanma mühərriklərindən dünya miqyasında imtina olunarsa, dünyada neftə olan ehtiyac da azalacaq. Bu isə iqtisadiyyatımıza təsirsiz qalmayacaq. Biz bununla bağlı tədbirlər görürük. Ona görə də müvafiq sosial-iqtisadi inkişaf strategiyası hazırlanıb. Bu proseslərin nəticəsində bizim iqtisadi strukturumuzda da transformasiya gedəcək. Söhbət bu təhdidlərin qarşılığında iqtisadiyyatımızı qeyri-neft sektoruna keçirəcəyimizdən gedir. Tarixən Azərbaycan iqtisadiyyatı neft üzərində qurulub. Hazırda bu proseslər neft sahəsinə də təsirini göstərəcək. İqtisadiyyatın transformasiyası dedikdə bunu nəzərdə tuturuq”.

Son xəbərlər
Oxşar xəbərlər
X