17 C
Baku
Cümə, May 20, 2022

Maliyyə naziri: “Xarici dövlət borcunun xüsusi çəkisi 82%-ə endirilib”

Prezident İlham Əliyevin 24 avqust 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyaya uyğun olaraq xarici dövlət borcunun xüsusi çəkisi 82%-ə endirilib.

Bunu maliyyə naziri Samir Şərifov ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və bu ilin I rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

“Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin 10%-ə çatdırılması istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə vacib məsələlərdən biri də ümumi dövlət borcunun, yəni, xarici və daxili dövlət borcundan ibarət olan dövlət borcunda xarici valyutada ifadə edilmiş borcun tədricən azaldılması, eyni zamanda, daxili dövlət borcunun xüsusi çəkisinin borc portfelində artırılması istiqamətində işlər görülür. Strategiya qəbul edilən zaman həmin nisbət 94% idi, hazırda isə 82%-ə endirilib. Bu da onunla bağlıdır ki, daxili borcun xüsusi çəkisi artıb. Daxili dövlət borcunun, yəni, daxili maliyyə bazarlarının inkişaf etdirilməsi üçün biz bazara daha çox dövlət qiymətli kağızları, dövlət istiqrazlarını təklif edirik və strategiyanın qəbul edildiyi müddət ərzində həmin borc bazarda 3,2% artıb. Hazırda 2,5 milyard manat təşkil edir və proqram davam etdirilməkdədir.

Şübhəsiz ki, dövlət büdcəsinin icrasının göstəriciləri yaxşı olduqda, yəni, fiskal orqanlar profisitlə təmin etdikdə büdcə kəsiri yaranmır və nəticə etibarilə biz bir o qədər daxili borcu buraxmırıq. Amma bu proqram davam etdiriləcək.

Sizin bu yaxınlarda imzaladığınız sərəncama əsasən, ümumi dövlət borcunun ortamüddətli dövrdə ÜDM-in 20%-i səviyyəsində saxlanılması, xarici dövlət borcunun ortamüddətli dövrdə 15 və uzunmüddətli dövrdə 10%-ə endirilməsi nəzərdə tutulub”, – deyə o, qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər