2 fevral 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104002875 ISIN-li, 20 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 89.3382 (12%) və 94.4753 (5.88%) olan 25 sifariş təqdim edilmişdir. Sonuncu dəfə 364 günlük hərrac 12 yanvarda keçirilmişdi. Həmin hərracda da 16 investor tərəfindən qiymət intervalı 90.9300 (10.0296%) və 94.5562 (5.7889%) olan 27 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.1568 (6.24%), orta ölçülmüş qiyməti 94,1934 (6.1985%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 73 947 700 manat yerləşdirilmiş həcmi isə 30 000 000 manat təşkil edilmişdir. Yerləşdirmə həcminin artmasına səbəb təklifin artmasıdır. Belə ki, qaydaya görə, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
İstiqrazların ödəmə tarixi 1 fevral 2022-ci il.
Hərrac iştirakçıları 3 fevral 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.