2020-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 12 022,7 mln. manat, xərcləri 11 730,8 mln. manat olmuş, 291,9 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır.
Bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsininə dair operativ icmalında deyilir.
2020-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 12 022,7 mln. manat və ya proqnoza qarşı 338,2 mln. manat, 2,9 faiz çox icra olmuşdur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 005,4 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 326,6 mln. manat və ya 8,9 faiz çoxdur. Həmin vəsaitin 72,4 faizi və yaxud 28 99,5 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 367,7 mln. manat və ya 14,5 faiz çoxdur.
2020-ci ilin altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 019,3 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 98,1 mln. manat və ya 5,1 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 266,4 və 56,6 mln. manat vəsait büdcəyə daxil olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 5675,0 mln. manat vəsait transfert edilmişdir.
2020-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4211,7 mln. manat icra olunmuşdur.
2020-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,9 faiz və yaxud 11730,8 mln. manat icra edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 779,8 mln. manat və ya 7,1 faiz çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4984,4 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz və ya 1030,7 mln. manat çoxdur.
2020-ci ilin altı ayında dövlət büdcəsi xərclərinin 8298,2 mln. manatı və ya 70,7 faizi cari xərclərə, 2551,9 mln. manatı və ya 21,8 faizi əsaslı xərclərə, 880,7 mln. manatı və ya 7,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
2020-ci ilin ilk altı ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 6476,2 mln. manat icra olunmuşdur.
2020-ci ilin altı ayında dövlət büdcəsində 291,9 mln. manat profisit yaranmışdır.
Dövlət büdcəsinin profisitinin proqnoza qarşı artması əsasən dövlət büdcəsinə fiskal orqanları (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən gəlir proqnozların artıqlaması (424,7 mln. manat) ilə təmin edilməsi hesabına olmuşdur.
Cari ilin ilk altı ayında icmal büdcənin gəlirləri 12 370,5 mln. manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 222,9 mln. manat və ya 29,7 faiz azdır. İcmal büdcənin xərcləri isə 12 884,4 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 203,7 mln. manat və ya 10,3 faiz çoxdur. İcmal büdcədə 513,9 mln. manat kəsir (defisit) yaranmışdır.







