Maliyyə Sabitliyi Şurasının iclası keçirildi

FOTO: APA

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 20 oktyabr 2017-ci il tarixində iclası keçirilib.

Mərkəzi Bankdan  verilən məlumata görə, cari ilin 9 ayının yekunlarına həsr edilmiş iclasa Azərbaycanın Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadə sədrlik edib.

İclasda Maliyyə Sabitliyi Şurasının üzvləri – Azərbaycan prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak edib.

İclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən icmal-hesabat təqdim edilib. Hesabatda ölkədə gedən makroiqtisadi proseslərin, habelə Maliyyə Sabitliyi Şurası tərəfindən 2016-cı ilin sonunda qəbul edilmiş “2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”nın icra vəziyyəti öz əksini tapıb.

Müzakirələr zamanı qeyd edilib ki, Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında vurğulandığı kimi cari ilin 9 ayında ölkə iqtisadiyyatının inkişafında pozitiv dinamika müşahidə edilib və bu dinamikanın formalaşmasında makroiqtisadi sabitlik xüsusi rol oynayıb.

“Ölkənin tədiyyə balansında profisit bərpa olunub, strateji valyuta ehtiyatları artıb. Tədiyyə balansı göstəricilərinin yaxşılaşmasına neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı mal və xidmət idxalı üzrə azalma meylinin davam etməsi, eləcə də qeyri-neft sektoru üzrə ixracın genişlənməsi təsir göstərib. Valyuta bazarında vəziyyət stabilləşib, valyuta təklifinin tələbi üstələməsi şəraitində manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənib. Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi isə 2015-ci ilin əvvəlindən bəri 38%-dən çox ucuzlaşıb ki, bu da ixracın artımına və idxalın əvəzlənməsinə əhəmiyyətli təsir göstərir. Makroiqtisadi sabitliyin bərpası qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsinə şərait yaradır. Yanvar-sentyabr aylarında qeyri-neft sektorunda 2,5%-lik iqtisadi artım qeydə alınıb. Dövr ərzində həyata keçirilən monetar siyasət iqtisadiyyatın, ilk növbədə fiskal sektorun pula olan tələbatını nəzərə alıb, pul bazasının həcmi iqtisadiyyatın tələbatını ödəyəcək səviyyədə artıb. Digər tərəfdən pul bazasının artımının məzənnə və qiymətlər sabitliyinə təsirini neytrallaşdırmaq üçün tədbirlər görülüb”, – deyə məlumatda vurğulanıb.

İclasda bildirilib ki, maliyyə sisteminin dayanıqlığının təmin edilməsi, o cümlədən, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və bank sisteminin kapitallaşdırılması istiqamətində tədbirlər davam etdirilib.

İclasda “2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”na uyğun olaraq hazırlanmış “Fiskal qaydalar”, “Dövlət borcunun idarə edilməsi üzrə orta və uzunmüddətli strategiya”, “Pul bazarının inkişafı proqramı” və 2018-ci ilin makroiqtisadi sabitlik çərçivəsi ətraflı müzakirə edilib.

Yekunda ilin qalan dövründə də makroiqtisadi sabitliyin qorunmasının və maliyyə sabitliyinin təmin edilməsi tədbirlərinin davam etdirilməsinin vacibliyi qeyd olunub. İnflyasiyanın azalmasına nail olmaq üçün çevik və əlaqələndirilmiş makroiqtisadi siyasətin həyata keçirilməsinin vacibliyi xüsusilə vurğulanıb. Dayanıqlı makroiqtisadi sabitlik əsasında iqtisadi artımın daha da sürətləndirilməsi üçün struktur və institutsional sahədə islahatların dərinləşdirilməsinin vacibliyi də qeyd olunub.