7 C
Baku
Tuesday, March 5, 2024

Maliyyə savadlılığının əsas qaydaları

Bügünkü məqalədə tapacağınız şey zəngin olmaq haqqında sehrli sitatlar olmayacaq. Bunlar hər bir müasir insan üçün iqtisadi fəaliyyətin əsaslarıdır ki, bu da sizə pulları daha ağıllı şəkildə idarə etməyə kömək edəcəkdir: yığmaq, rasional xərcləmək, qənaət etmək və investisiya qoymaq. 

Qazandığınızdan daha az xərcləyin

1960-cı ildə  Stenford Universitetində məşhur “Zefir eksperimenti” aparılmışdır. Bir qrup uşağın qarşısına nimçədə bir ədəd zefir konfeti qoyuldu. Ardınca uşaqlara deyildi: bizim işimiz var, çıxmalıyıq, bir neçə dəqiqəyə qayıdacağıq. Əgər biz gələnəcən zefiri yeməsəniz, gələndə daha birini verəcəyik. Əgər yesəniz, ikincisi almayacaqsınız. Uşaqların iradəsini sınaq etmək üçün 15 dəqiqə vaxt təyin edilmişdi. Digər otaqdan onların davranışı müşahidə olunurdu (uşaqlardan xəbərsiz). Nəticədə uşaqların üçdə bir hissəsi nəfsinə qalib gələ bildi. İllər sonra həmin uşaqlar həyatın bir çox sahələrində daha çox uğur qazandığı məlum oldu. 

İstəklərini məhdudlaşdırmaq və pula qənaət etmək bacarığı – maliyyə azadlığına nail olmağın əsas ünsürlərindən biridir. Hər ay qazancınızın ən azı 10%-ni qənaət etməyə vərdiş edin. 

Bu nə üçün lazımdır? Siz gələcəkdə bu kapital əsasında passiv gəlir mənbələrini yarada, ehtiyat fondunu doldura və ya bahalı bir şey üçün vəsait toplaya biləcəksiniz. 

Əvvəlcə əsas ehtiyaclarınızı qarşılayın

“Bu pulu ayırım ki, gələcəkdə mənzil alım” və ya “bir daha istirahət üçün xaricə gerim” seçimi qarşısında qalsanız, nə edəcəksiniz? İlk olaraq əsas ehtiyaclar ödənilməlidir – yaşayır yeri əldə etmək. Bundan sonra bütün pullarınızı əyləncələrə xərcləyə bilərsiniz. 

Kortəbii alış-verişlər etməyin

İstərdik ki, sizə real bir insanın hekayəsini misal çəkək: “Bir dəfə başqa bir şəhərdə idim və böyük kitab bazarına rast gəldim. Kitablara olan həvəsim o qədər böyükdür ki, oradan bir yığın kitab ilə çıxdım. Məsələ ondadır ki, mən o kitablardan heç birini oxumadım. Düzdür, xərclədiyim məbləğ çox da böyük deyildi, lakin tamamilə mənasız idi”. 

Budur sizə daha bir fakt. 2019-ci ilin sonunda dünya reklam bazarı 625 milyard dollar təşkil edib. Bu məbləğin bir hissəsi istehlakçını kortəbii alış-verişə təşviq etmək üçün xərclənir. 

Kortəbii alış-verişlərdən qaçmaq üçün xərcləri planlaşdırmaq lazımdır. 

Aldığınız əşyanın yalnız qiymətini deyil, mahiyyətini də nəzərə alın

Alış-veriş etdikdə əsas qiymətə daxil olmayan gizli xərclərə də diqqət yetirin. Məsələn, avtomobil almaq – benzin, ehtiyat hissələri, sığorta, texniki xidmət və s. xərclərə razılıq vermək deməkdir. Xaricə səyahət özündə suvenir, əlavə ekskursiyalar və digər xərcləri birləşdirir. Bu amili nəzərə alın və daima texniki büdcəni planlaşdırın. 

Maliyyə ehtiyatını yaradın

Hər bir dövlət və ya özəl müəssisənin büdcə strukturunda ehtiyat fondları var. Onların mövcudluğu mövcud vəziyyətin hər an dəyişilə biləcəyi ilə əlaqədardır. Maliyyə böhranları, iş itkisi, qəfil xəstəlik, məhkəmə iddiası – bütün bu “qara qu quşlar” cüzdanınızı boşalda bilər. Öz ehtiyat fondunuzu yaradın. 

Xərclərinizi izləyin

Həyatın üç əsas sirri var: toz haradan yaranır, corab harada itir və pul hara xərclənir. Bu problemlərdən ən azı birini həll edə bilərsiniz. Bir ay ərzində xərclərinizi izləyin və şübhəsiz ki, maraqlı qanunauyğunluqlar tapacaqsınız. Həm də – qənaət etmək üçün bir çox imkanlar. 

Qənaət etməyi öyrənin

Qənaət etmək bacarığı – alış-verişə şüurlu yanaşmaq deməkdir. Heç vaxt əlinizə keçən ilk məhsulu almağa tələsməyin. Bazarı araşdırmaq və daha yaxşı təklif seçmək üçün vaxt sərf edin. Qiyməti aşağı salın, diskont proqramlardan və keşbekdən istifadə edin. – bir sözlə, sizə qənaət etməyə kömək edəcək mümkün vasitələrdən yararlanın. 

Passiv gəlir mənbələri axtarın

Ağıllı insan pul üçün işləyir, müdrik insan isə qazandığı pulları səmərəli xərcləyir. Passiv gəlir mənbələri dedikdə, nə nəzərdə tutulur? Əgər hər şeyi düzgün etmisinizə, müəyyən müddətdən sonra kişik kapitalınız yığılmalıdır. İndi isə bu kapitalı passiv gəlir mənbəyinə çevirin. 

Bunun nə qədər faydalı olduğunu təsvir etməyə ehtiyac qalmır – siz özünüz də başa düşürsünüz. Bu, biznes, qiymətli kağızlar, depozit və s. ola bilər – sizin iştirakınız olmadan gəlir gətirən hər bir şey. 

Riskləri diversifikasiya edin

Robinzon Kruzonun barıtı ildırımdan necə qoruduğunu xatırlayırsınız? O, onu bir neçə balaca torbaya qoyub müxtəlif yerlərdə gizlətdi. Robinzon Kruzonun əsas kapitalı bu barıt idi və o, ondan düzgün istifadə etdi. 

Eyni şeyi siz də etməlisiniz. Pulları müxtəlif banklarda, müxtəlif valyutalarda saxlayın. Bu, pulunuzu inflyasiyadan, böhranlardan, oğurluqdan və digər xoşagəlməz sürprizlərdən xilas etməyə kömək edəcək. 

Pullarınızın təhlükəsizliyini təmin edin

Müasir dünyada pulunuzu pis adamlardan qorumaq üçün onu ağacın altında şüşə bankada basdırmaq kifayət deyil. Hər gün oğurlanan məbləğin həcmi arta-arta gedir. 

Nağdsız ödənişlərə keçəndən sonra təhlükələr daha da artır. Əvvəllər insanlar cüzdanlarında çox pul götürmürdülər, pulların əsas hissəsini təhlükəsiz yerdə və ya bankda saxlayırdılar. İndi hakerlər bank kartlarının məlumatlarını və orada olan pulu asanlıqla oğurlaya bilirlər. Pulun bir hissəsini nağd şəkildə saxlayın, kart və elektron cüzdanlar üçün isə daha mürəkkəb şifrələr seçin. 

Maliyyə savadlılığının bu 10 əsas qaydası, sizə pullarınızı daha səmərəli şəkildə xərcləməyə kömək edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər