“Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı”nın təqdimatı keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın, 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin və “Azərbaycan iqtisadiyyatının Strateji Yol Xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın tövsiyələrinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatası tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə razılaşdırılmaqla “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim strategiyası və ona uyğun təlim Proqramı” hazırlanıb.
Auditorlar Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatası və “Headstart International” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə noyabrın 30-da “Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı”nın təqdimatı keçirilib. Auditorlar Palatasının sədri Vahid Novruzov qeyd edib ki, tədbirin keçirilməsində məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə və şəffaflığın artırılmasına xidmət edəcək bu proqram çərçivəsində müvafiq dövlət qurumlarının, kommersiya təşkilatlarının, ictimai birliklərin, bankların, holdinqlərin və sair mütəxəssisləri üçün kursların keçirilməsindən ibarətdir.
O diqqətə çatdırıb ki, Auditorlar Palatası “Headstart International” Tədris Mərkəzi ilə sıx əməkdaşlıq edir. Yaxın vaxtlarda tədris kursları fəaliyyətə başlayacaq.
MBNP-nin baş icraçı direktorunun müavini, strateji xidmətlər departamentinin direktoru Asim Züfüqarov isə proqramın əhəmiyyətindən danışıb.