9 C
Baku
Friday, December 13, 2024

Maliyyə auditi sahəsində qaydaları dəyişəcək addım

Dünyanın 4 ən böyük maliyyə audit şirkəti (Böyük Dördlük) audit proseslərində korrupsiyaya yol verdiyinə görə uzun müddətdir gündəmdədir. Banker.az Financial Times-a istinadən xəbər verir ki, Böyük Dördlük nəhəngindən biri olan “EY” audit və konsaltinq əməliyyatlarını bütün dünya üzrə ayıraraq şirkəti ABŞ və Böyük Britaniyanın tənzimləyici qurumlarının girdabından çıxarmağı hədəfləyir. “EY”nin bölünməsi iki ayrı sahibkarlıq subyekti yaradacaq.

“EY” “Deloitte”, “KPMG” və “PwC” ilə birlikdə dünyanın dörd ən böyük audit firmasını təşkil edir. Bu şirkətlər uzun müddətdir ki, audit proseslərində müstəqilliklərini qoruya bilmədiklərinə görə şiddətli tənqidlərə məruz qalırlar. Tənqidin əsas səbəbi bu şirkətlərin konsaltinq, həmçinin vergi və müqavilə üzrə konsaltinq xidmətlərindən aldıqları haqlar olub.

Financial Times-ın məlumatına görə, şirkətin könüllü bölünməsi “EY”nin digər Böyük Dördlük şirkətləri arasında mövqeyini kəskin şəkildə dəyişəcək. 2018-ci ildə şirkətin əvvəlki baş icraçı direktoru Mark Vaynberqer “EY”nin Böyük Dördlüklə rəqabətdə zəif olduğunu əsas gətirərək çağırış etmişdi ki, şirkət bölünməlidir.

2001-ci ildə ABŞ-ın enerji şirkəti “Enron”un çöküşündən sonra konsaltinq bölmələrini satan maliyyə audit şirkətləri sonradan konsaltinq bölmələrini yenidən qurdular. Bu proses həm də “Artur Andersen” şirkətinin “batmağına” və Böyük Beşlik şirkətlərinin Böyük Dördlüyə çevrilməsinə şahid oldu.

Məlumata görə, “EY”nin yüksək səviyyəli tərəfdaşları qlobal əməliyyatların restrukturizasiyasının müxtəlif variantlarını müzakirə edirlər. Müzakirə olunan planlar arasında maliyyə auditinə yönəlmiş bölmənin şirkətin qalan hissəsindən ayrılması da var. Plana görə, şirkətin yoxlamalarına dəstək olmaq üçün vergilər kimi məsələlərdə ekspertlər cəlb olunacaq.

“EY”nin sürpriz addımı çox güman ki, tənzimləyici qurumların diqqətini cəlb edəcək və rəqib audit şirkətlərini oxşar qaydaları qəbul etməyə məcbur edəcək. Böyük Dördlük şirkətlərinin adı açıqlanmayan yüksək səviyyəli tərəfdaşı açıqlamasında belə deyib: “Bu, hamımızdan mövqeyimizi yenidən nəzərdən keçirməyi tələb edəcək. Ancaq bu, sürətli və ya refleksiv dəyişiklik olmayacaq”. Böyük Dördlük tərəfdaşı əlavə edib ki, digər rəqiblərin reaksiyaları da onların davranışlarına təsir edəcək.

Qeyd edək ki, şirkətlərin hal-hazırda tətbiq etdiyi daxili idarəetmə üsulları Böyük Dördlük şirkətlərin İngiltərədəki BHS və Carillion qalmaqallarına görə topa vurulmasına səbəb olmuşdu.

Financial Times mənbələri deyirlər ki, hər hansı bir təftiş “EY”nin qlobal biznesində həm fərdi, həm də korporativ tərəfdaşlar tərəfindən geniş razılaşma və oyun tələb edəcək. Xəbərlərə görə, bu böyüklükdəki şirkətlər üçün birləşmə və satınalmalarda tərəfdaşlar arasında konsensusa nail olmaq adətən asan bir proses deyil.

150-dən çox ölkədə 312 000 işçisi olan “EY” paylaşılan brendinq, sistemlər və texnologiya üçün illik ödənişlər ödəyən, rəsmi olaraq firmalardan ibarət bir şirkət şəbəkəsi kimi qurulub. Financial Times mənbələri bildirir ki, şirkət “hər kəs üçün işləyə biləcək” qəti struktur tapmağa çalışır.

Mənbələr prosesin aylarla davam edə biləcəyini və əsaslı restrukturizasiyanın hələ dəqiq olmadığını bildirir. Mövzu ilə bağlı açıqlama verən şirkətə yaxın bir mənbə “Biz bu sahəni yeni bir düzənə salmaq istəyirik. Bilirik ki, bu, peşəni tamamilə dəyişəcək”.

“EY”dən verilən rəsmi açıqlamada belə deyilir: “Əhəmiyyətli dəyişikliklər yalnız tənzimləyici qurumlarla məsləhətləşmələrdən və “EY” ortaqlarının səsverməsindən sonra baş verəcək. Biz hələ bu qiymətləndirmənin ilkin mərhələsindəyik və heç bir qərar qəbul olunmayıb”.

 

Son xəbərlər
Digər xəbərlər