Maliyyə auditinin günlərinin sayının artmasına səbəb iki böyük konsolidə olunmuş qurumda audit aparmağımızdır, onların tərkibindəki qurumların sayı çoxdur.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, səmərəlilik auditinin aparılma günlərinin sayının çox olmasının da səbəbi hökumət əsaslı auditin ən azı 15 qurumu əhatə etməsi ilə bağlıdır: “Vətəndaşların bizə müraciəti də 8.3% artıb. Biz bundan ötrü “audit təklif et” bölməsi də açmışıq. Müraciətlər kiçik rəqəmləri əhatə edir. Səmərəlilik auditində bizim üçün əsas məbləğ deyil, əsas mövzudur”.
Vüqar Gülməmmədov qeyd edib ki, ən effektiv audit nəticələri hüquq-mühafizə orqanlarında aparılan auditlərdədir: “Bu sahədə fəaliyyəti davam etdirməliyik. Qurumlarda dövlət sirri təşkil edən məlumatları açıqlaya bilmirik. Amma ən effektiv audit o qurumlardadır”.