Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) mayın 17-də ADA Universitetində Karyera Günü təşkil edib.
Palatadan verilən məlumata görə, regionun aparıcı təhsil ocağı sayılan ADA Universitetinin məzunları, MBA və EMBA tələbələri üçün keçirilən Karyera Günündə MBNP, işə qəbul imkanları və şərtləri barədə, eyni zamanda qurumun maliyyə bazarında həyata keçirdiyi işlər və layihələr haqqında ətraflı məlumat verilib.
Karyera Günündə iştirak etmiş bütün namizədlərin iş müraciətləri qeydiyyatdan keçirilib və müvafiq tələblərə uyğun gələn namizədlərlə müsahibələr təşkil ediləcək.
Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İnsan resursları idarəsinin rəisi Aidə İbrahimova bildirib ki, MBNP vakant vəzifələrin yüksək ixtisaslı kadrlarla komplektləşdirilməsi, gənc və istedadlı namizədlərin işə cəlb edilməsi istiqamətində ali təhsil mərkəzləri ilə əməkdaşlığa xüsusi önəm verir.
Bu məqsədlə bu ilin yayında MBNP universitetlərin 4-cü kurs bakalavr və magistr tələbələr üçün yay təcrübə proqramını təşkil edəcək.
Yay tətili ərzində proqrama qəbul olunmuş tələbələr MBNP-nın strateji departamentlərinin təcrübəsi ilə tanış olmaq və gələcəkdə müvafiq vakansiyalarda çalışmaq imkanı əldə edəcəklər.
Trend