8 C
Baku
Monday, February 2, 2026

Maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı yeni qayda

Maliyyə hesabatlarının tərtib və təqdim edilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi üzərindən həyata keçiriləcək.

Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindən qanunda “e-mühasibat” informasiya sistemi” ifadəsi “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” ifadəsi ilə əvəz olunacaq.

Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotunun elektron qaydada aparılması və maliyyə hesabatları, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib və təqdim edilməsini təmin edəcək.

Mövcud qanunvericiliyə görə, “e-mühasibat” informasiya sistemində mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının yerləşdirilməsi nəzərdə tutulur. Qanun layihəsində bu müddəanın qanunvericilikdən çıxarılması təklif edilir.

Məlumat üçün bildirək ki, yuxarıda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi dedikdə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər