MMX 2022-ci ildə 2 milyon 751 min manat gəlir əldə edib (10% azalma). Ötən il bu göstərici 3 milyon 47 min manat olub. Bununla belə, ötən il qurumun xərcləri də elə bu qədər olub.
Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, xidmət insan resursları üzrə xərclərə 2 milyon 440 min manat, inzibati və digər xərclərə isə 189 min manat, amortizasiya 120 min manat yönəldib. Yəni əldə edilmiş bütün gəlirlər xərclənib.
Maliyyə Monitorinqi Xidmətinin (MMX) cəmi aktivləri bu il yanvarın 1-nə 8 milyon 14 min manat təşkil edib. 31 dekabr 2021-ci il tarixinə aktivləri 7 milyon 889 min manat olub ki, bu da illik müqayisədə 2% artım deməkdir. Bunun 3 milyon 48 min manatı uzunmüddətli, 4 milyon 966 min manatı isə qısamüddətli aktivlərdir.
Hesabat tarixinə xidmət 4 milyon 787 min manatlıq cəmi öhdəliklərə,3 milyon 227 min manatlıq cəmi kapitala, o cümlədən 10 min manatlıq nizamnamə kapitalına malik olub.
Xatırladaq ki, MMX ölkə prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun Nizamnaməsi və strukturu təsdiq edilib. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.