11 C
Baku
Monday, November 18, 2024

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçildi

“Eqmont Qrupu”nun “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu”nun 2023-cü il 4 iyul tarixində keçirilən iclasında Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev sözügedən işçi qrupun rəhbəri vəzifəsinə seçilib.

Banker.az xəbər verir ki, F.Əliyev növbəti 2  illik müddətə “Eqmont Qrupu” üçün strateji əhəmiyyət daşıyan məsələlərin əlaqələndirilməsi və üzvlük proseslərinə nəzarətin həyata keçirilməsində birbaşa iştirak edəcək.

Qeyd edək ki, maliyyə monitorinqi orqanları (MMO) arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə 1995-ci il 9 iyun tarixində yaradılmış “Eqmont” qrupu  beynəlxalq miqyasda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üzrə hazırda 166 ölkənin üzv olduğu beynəlxalq təşkilatdır.

Xatırladaq ki, F.Əliyev əvvəlki illərdə iki dəfə ard-arda iki illik müddətə sədr müavini vəzifəsinə seçilib.

Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Mərkəzi Avropa Universitetinin (Macarıstan) məzunudur.

2005-2006-ci illərdə ABŞ Dövlət Departamentinin Hamfri proqramının təqaüdçüsü (Şimali Karolina Universiteti və Brukinqs İnstitutu) və 2011-2012-ci illərdə Cons Hopkins Universitetində Fulbrayt Alimlər Proqramının təqaüdçüsü olmuşdur. 2011-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

.

Son xəbərlər
Digər xəbərlər