10 C
Baku
Thursday, December 12, 2024

Maliyyə Monitorinqi Xidmətinin nizamnaməsi açıqlanıb (tam mətn)

Banker.azın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətinin nizamnaməsi tam mətndə açıqlanıb. Onunla daha detallı aşağıdan tanış olmaq olar.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (bundan sonra – Xidmət) Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində (bundan sonra – müvafiq sahə) vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.
1.2. Xidmət öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Xidmət ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.
1.5. Xidmət sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Onun əsas məqsədi mənfəət götürmək deyildir.
1.6. Xidmətin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.7. Qanuna uyğun olaraq, Xidmətin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.
1.8. Xidmət Bakı şəhərində yerləşir.
2. Xidmətin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri
2.1. Xidmətin fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, müvafiq sahədə vahid tənzimləməni həyata keçirmək, habelə monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir. Xidmət bu Nizamnamədə müəyyən edilmiş fəaliyyəti həyata keçirərkən müvafiq sahədə qabaqcıl beynəlxalq standartları əsas götürür.
2.2. Müvafiq sahədə Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. vahid siyasətin formalaşmasında və bu siyasətin həyata keçirilməsində iştirak etmək;
2.2.2. tənzimləməni və nəzarəti həyata keçirmək;
2.2.3. milli risk qiymətləndirilməsini həyata keçirmək, bu istiqamətdə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək;
2.2.4. monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, onlardan daxil olan məlumatları toplamaq və təhlil etmək;
2.2.5. vahid informasiya sisteminin tətbiqini təmin etmək;
2.2.6. normativ xarakterli aktlar qəbul etmək və müvafiq hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
2.2.7. müvafiq sahənin inkişafını təmin etmək.
3. Xidmətin vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:
3.1.1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) uyğun olaraq müvafiq sahədə monitorinqi həyata keçirmək, monitorinq iştirakçılarından və monitorinqdə iştirak edən digər şəxslərdən, açıq və digər mənbələrdən məlumat almaq, toplamaq və təhlil etmək, habelə nəticələrinə əsasən tədbirlər görmək;
3.1.2. müvafiq sahədə normativ xarakterli aktlar qəbul etmək;
3.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin vəziyyətini öyrənmək, təhlil etmək, bununla bağlı təklif və tövsiyələr hazırlamaq;
3.1.4. monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarını (xüsusi indikatorları) müəyyən etmək;
3.1.5. monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin Qanunda nəzərdə tutulmuş məlumatları Xidmətə təqdim etməsi qaydasını müəyyən etmək;
3.1.6. Qanuna uyğun olaraq, sadələşdirilmiş eyniləşdirilmə və verifikasiya qaydasını müəyyən etmək;
3.1.7. Qanuna uyğun olaraq, monitorinq iştirakçılarının Xidmətə məlumat təqdim etməli olduqları pul vəsaitləri və ya digər əmlakla əməliyyatların siyahısını və ümumi məbləğinin minimal həddini müəyyən etmək;
3.1.8. Qanuna uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada şəxslərin siyahısını təsdiq və dərc etmək, həmçinin bu siyahını birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərmək;
3.1.9. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməkdə, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin siyahısını Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydada müəyyənləşdirmək və dərc etmək, həmçinin bu siyahını birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərmək;
3.1.10. monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin yaratdıqları daxili nəzarət sistemlərinin hazırlanmasına, habelə daxili nəzarət sisteminin təşkili üçün məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair tələbləri müəyyən etmək;
3.1.11. lombardların və daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslərin Qanunun tələblərinə əməl etmələrinə nəzarəti təmin etmək, bu nəzarətin həyata keçirilməsi qaydasını müəyyən etmək;
3.1.12. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalar barədə statistik məlumatların təqdimolunma formasını müəyyən etmək;
3.1.13. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xəta əlamətlərini aşkar etdikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək;
3.1.14. aparılmış təhlil nəticəsində həyata keçirilən əməliyyatda cinayət əlamətlərinin olduğunu müəyyən etdikdə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması ilə bağlı məlumatları prokurorluq orqanlarına, terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı məlumatları Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim etmək və görülmüş tədbirlər barədə həmin orqanlardan informasiya almaq;
3.1.15. monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin Qanunun tələblərinə əməl etməmələrinə dair məlumat əldə etdikdə həmin məlumatı göstərilən şəxslərə qarşı inzibati və ya qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlərin tətbiq edilməsi üçün müvafiq nəzarət orqanlarına təqdim etmək və görülmüş tədbirlər barədə həmin orqanlardan informasiya almaq;
3.1.16. aşağıdakı məqsədlərlə mərkəzləşdirilmiş elektron-informasiya sistemlərinin təşkilini təmin etmək:
1. müvafiq sahədə təqdim olunan məlumatların vahid şəkildə toplanması;
2. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsində iştirakı barədə Xidmətin məlumatı olan hüquqi və fiziki şəxslərin qeydiyyata alınması;
3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi hallarının xüsusi indikatorlar əsasında müəyyən edilməsi;
4. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin, tipologiyalarının və trendlərinin strateji təhlili;
3.1.17. qanunla müəyyən edilmiş qaydada yoxlamaların aparılmasını təmin etmək və hesabatlar almaq;
3.1.18. müvafiq sahədə beynəlxalq təcrübəni öyrənmək, səmərəli üsul və vasitələrin tətbiqi ilə bağlı təkliflər vermək, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak etmək və beynəlxalq öhdəliklərinin icrasını təmin etmək;
3.1.19. Qanuna əsasən təqdim edilmiş məlumatın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxsə, habelə həmin şəxsin sahibliyində və ya nəzarətində olan hüquqi şəxsə, o cümlədən bu şəxsin adından və ya onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və ya hüquqi şəxsə aid olduğu müəyyən edildiyi halda aktivlərin ilkin dondurulması haqqında qərar qəbul etmək;
3.1.20. müvafiq sahə ilə bağlı statistik hesabatlar hazırlamaq;
3.1.21. müvafiq sahədə monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin təqdim etdikləri məlumatların müqabilində onları əldə edilmiş nəticələr haqqında məlumatlandırmaq;
3.1.22. Xidmətə ayrılan maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.23. dövlət və kommersiya sirrinin, qanunla mühafizə edilən və açıqlanması qadağan olunan digər məlumatların, habelə məxfilik rejiminin və  fəaliyyəti zamanı əldə edilmiş digər məlumatların qorunması üçün tədbirlər görmək;
3.1.24. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı dövlət orqanları və qurumlarının sorğularını qanunla müəyyən olunmuş qaydada və müddətdə cavablandırmaq;
3.1.25. arxiv sənədlərinin qanunla müəyyən edilmiş qaydada saxlanılmasını və mühafizəsini təmin etmək;
3.1.26. beynəlxalq təcrübə nəzərə alınmaqla, Xidmətin fəaliyyətində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı tədbirlər görmək;
3.1.27. kargüzarlığı, vətəndaşların qəbulunu, onların təklif, ərizə və müraciətlərinə baxılmanı normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, kadrların əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.28. istifadəsində olan dövlət əmlakından səmərəli istifadə olunmasını təmin etmək;
3.1.29. işçilərinin xarici ölkələrə təlim və təcrübə mübadiləsi səfərlərini təşkil etmək;
3.1.30. öz fəaliyyəti ilə bağlı əhalinin məlumatlandırılmasını, habelə müvafiq sahədə həyata keçirilmiş tədbirlərə, statistik göstəricilərə dair hesabatların və digər dövri hesabatların dərc edilməsini, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.31. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.32. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktların hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
3.2.2. müvafiq sahədə tədqiqatlar aparmaq, analitik və metodiki materiallar hazırlamaq və bu sahənin inkişafı ilə bağlı təkliflər vermək;
3.2.3. Qanunla nəzərdə tutulmuş qaydada pul vəsaitləri və ya digər əmlakla əməliyyat aparılmasını dayandırmaq, müvafiq sahədə icrası məcburi olan qərarlar qəbul etmək və göstərişlər vermək;
3.2.4. öz vəzifələrinin icrası üçün müvafiq sorğu göndərməklə monitorinq iştirakçılarından, monitorinqdə iştirak edən digər şəxslərdən, nəzarət orqanlarından və Qanuna uyğun olaraq müəyyən olunmuş orqanlardan (qurumlardan) məlumat almaq, habelə təhlil zamanı zərurət yarandığı halda onlardan və digər dövlət orqanlarından əlavə məlumat almaq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar daxil olan məlumatların araşdırılması məqsədilə (o cümlədən xarici ölkələrin müvafiq səlahiyyətli orqanları adından) Qanunla müəyyən edilmiş qaydada onların informasiya resurslarından onlayn istifadə etmək;
3.2.5. dövlət orqanları və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.6. Azərbaycan Respublikasının qanunvericiliyinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq qaydada Qanunun 20.1-ci maddəsində qeyd olunan məlumatlara dair xarici ölkələrin müvafiq səlahiyyətli orqanlarına sorğular vermək, habelə onların müvafiq sorğusu və ya öz təşəbbüsü əsasında göstərilən məlumatları təqdim etmək;
3.2.7. fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının digər  ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrini təmin etmək, beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil etmək, ixtisaslaşmış beynəlxalq qurumlara üzv olmaq;
3.2.8. digər ölkələrin səlahiyyətli orqanları ilə müvafiq ikitərəfli sazişlərin şərtlərinə, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların prinsiplərinə uyğun qaydada və ya qarşılıq prinsipi əsasında (Azərbaycan Respublikasının səlahiyyətli orqanları üçün tətbiq olunan öhdəliklərin, o cümlədən məxfilik öhdəlikləri və şərtlərini eyni səviyyədə xarici ölkələrin müvafiq orqanlarının qəbul etməsi şərtilə) əməkdaşlıq etmək, həmçinin məlumat mübadiləsini həyata keçirmək;
3.2.9. Azərbaycan Respublikasının beynəlxalq təşkilatlara üzvlükdən irəli gələn öhdəliklərinə, tərəfdar çıxdığı beynəlxalq müqavilələrinə və bu Nizamnamənin 3.2.8-ci yarımbəndində nəzərdə tutulan müqavilələrinə uyğun olaraq xarici ölkələrin müvafiq səlahiyyətli orqanları vasitəsilə əldə edilmiş hər hansı məlumatın üçüncü tərəflərə açıqlanması üçün həmin səlahiyyətli orqanlardan icazə alınmasını, habelə onların müvafiq sorğusu və ya öz təşəbbüsü əsasında təqdim edilən məlumatların üçüncü tərəflərə açıqlanması üçün icazə verilməsini təmin etmək;
3.2.10. dövlətin (hökumətin) adından öhdəlik götürməmək şərtilə, xarici ölkələrin müvafiq səlahiyyətli orqanları ilə əməkdaşlıq barədə, o cümlədən məlumat mübadiləsi haqqında müqavilələr bağlamaq;
3.2.11. Azərbaycan Respublikası Prezidentinin verdiyi səlahiyyətlər çərçivəsində beynəlxalq müqavilələr bağlamaq və onlardan irəli gələn öhdəlikləri yerinə yetirmək;
3.2.12. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək, Azərbaycan Respublikasının bu sahədə iştirakı ilə bağlı materiallar toplamaq, onları ümumiləşdirmək və təhlil etmək;
3.2.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq, konfranslar, müşavirələr, seminarlar, treninqlər keçirmək və digər tədbirlər təşkil etmək, həmçinin belə tədbirlərdə iştirak etmək;
3.2.14. səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün işçi qruplar və komissiyalar yaratmaq, onların işində iştirak etmək, xarici və yerli ekspertləri və mütəxəssisləri öz işinə cəlb etmək, habelə müstəqil araşdırmalar aparılmasını sifariş etmək;
3.2.15. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.16. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparılması, məsləhət xidmətləri göstərilməsi üçün elmi tədqiqat və təhsil müəssisələri ilə əməkdaşlıq etmək;
3.2.17. dövlət orqanları ilə, hüquqi şəxslərlə və beynəlxalq təşkilatlarla müvafiq sahədə əməkdaşlıq etmək;
3.2.18. Xidmətin, monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin və nəzarət orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün müvafiq tədbirlər həyata keçirmək, onların zəruri təhsil və treninq proqramlarında iştirakını təşkil etmək;
3.2.19. Azərbaycan Respublikası ­Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Xidmətin idarə olunması
4.1. Xidmət öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Xidmətin idarəetmə orqanı İdarə Heyətidir.
4.3. İdarə Heyəti Xidmətə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç üzvdən – İdarə Heyəti sədrindən və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin səlahiyyət müddəti 5 ildir.
4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onu müvafiq əmrlə müavinlərindən biri əvəz edir.
4.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:
4.5.1. Xidmətin inkişaf istiqamətlərini müəyyən edir;
4.5.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir və sənədlər təqdim edir;
4.5.3. Xidmətin fəaliyyətinə dair illik hesabat hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
4.5.4. Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır, həmin layihələri aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim edir;
4.5.5. bu Nizamnamənin 3.1.22-ci yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
4.5.6. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;
4.5.7. müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;
4.5.8. Xidmətin fəaliyyətinə dair daxili qaydaları, vəzifə təlimatlarını və struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
4.5.9. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;
4.5.10. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Xidmətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
4.5.11. aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
4.5.12. Xidmətin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi üçün kənar auditoru təyin edir və audit hesabatını qəbul edir;
4.5.13. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;
4.5.14. Xidmətin normativ xarakterli aktlarını təsdiq edir.
4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlərə dair qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
4.7. İdarə Heyətinin sədri:
4.7.1. Xidmətin işini təşkil edir və fəaliyyətinə rəhbərliyi həyata keçirir;
4.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.7.3. etibarnamə təqdim etmədən Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları və qurumları ilə və digər şəxslərlə münasibətlərdə Xidməti təmsil edir, verilmiş səlahiyyətlər daxilində xarici ölkələrin müvafiq dövlət orqanları ilə və beynəlxalq təşkilatlarla danışıqlar aparır, beynəlxalq danışıqlarda iştirak edir, müəyyən edilmiş qaydada beynəlxalq sənədləri imzalayır;
4.7.4. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Xidmət işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;
4.7.5. Xidmətin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.7.6. Xidmətin normativ xarakterli aktlarının icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;
4.7.7. Xidmətin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.7.8. Xidmətin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.7.9. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.7.10. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.7.11. Xidmətin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.7.12. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Xidmətin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.7.13. Xidmətin fəaliyyət istiqamətləri ilə bağlı dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;
4.7.14. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.7.15. Xidmətin fəaliyyəti ilə əlaqədar bütün sənədləri (məktubları) imzalayır;
4.7.16. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür;
4.7.17. Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.7.18. Xidmətdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir.
4.8. İdarə Heyətinin üzvləri:
4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
4.8.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılması barədə təkliflər verirlər;
4.8.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.9. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.
4.10. Xidmətin işçiləri (o cümlədən İdarə Heyətinin sədri):
4.10.1. elmi, yaradıcılıq fəaliyyəti və İdarə Heyəti sədrinin, İdarə Heyəti sədri isə Azərbaycan Respublikası Prezidentinin razılığı ilə pedaqoji fəaliyyət istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər;
4.10.2. İdarə Heyətinin sədrinə, İdarə Heyətinin sədri isə Azərbaycan Respublikasının Prezidentinə bildirmədən xarici ölkənin və ya beynəlxalq təşkilatın vəsaiti hesabına xarici ölkəyə səfər edə bilməzlər;
4.10.3. vəzifələrinin icrası ilə əlaqədar dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr də daxil olmaqla onlara məlum olan və qulluq fəaliyyətinə dair məlumatı həmişə, o cümlədən Xidmətlə əmək münasibətlərinə xitam verildikdən sonra da saxlamalı, həmin məlumatdan üçüncü şəxslərin xeyrinə istifadə etməməli və qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla, bu məlumatı açıqlamamalıdırlar;
4.10.4. vəzifələrini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şərait yaradılmasına yol verməməlidirlər.
4.11. Xidmətin işçiləri (o cümlədən İdarə Heyətinin sədri) xidməti vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımırlar, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız olduğu sübuta yetirilməsin.
4.12. Bu Nizamnamənin 4.10-cu və 4.11-ci bəndində nəzərdə tutulan tələblər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işçilərlə bağlanılan əmək müqaviləsində öz əksini tapmalıdır.
4.13. Xidmətin işçiləri ilə bağlanılan əmək müqavilələrində Xidmətin işçilərinə münasibətdə bu Nizamnamənin 4.12-ci bəndində nəzərdə tutulanlardan əlavə digər tələblər də müəyyən edilə bilər.
4.14. Xidmət öz işçilərinin sosial müdafiəsi məqsədilə əlavə tədbirlər görə bilər.
4.15. Bu Nizamnamənin tələbləri nəzərə alınmaqla, Xidmətlə əməkdaşlar arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
5. Xidmətin əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları
5.1. Xidmətin nizamnamə fondu 10.000  (on min) manatdır.
5.2. Xidmətin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən formalaşır.
5.3. Xidmət öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Xidmət balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Xidmət qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.5. İdarə Heyəti sədrinin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavininin, İdarə Heyətinin digər üzvlərinin aylıq vəzifə maaşları və digər təminatları Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavininin, Xidmətin əməkdaşlarının aylıq vəzifə maaşları və digər təminatları isə Azərbaycan Respublikası Mərkəzi Bankı əməkdaşlarının aylıq vəzifə maaşlarına və digər təminatlarına bərabər tutulur.
6. Xidmətin fəaliyyətinə nəzarətin forması, əhatə dairəsi və hesabatlılıq
6.1. Xidmətin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
6.2. Xidmətin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. Xidmətdə uçot və hesabat
7.1. Xidmət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Xidmət “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.
7.3. Xidmət idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Xidmət maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Xidmətin ləğvi və yenidən təşkili
Xidmətin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Son xəbərlər
Digər xəbərlər