Azərbaycan Prezidenti 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin” (MMX) nizamnaməsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Bu barədə Banker.az Prezidentin rəsmi səhifəsinə istinad edir.
Fərmanda deyilir,
1. “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bəndə “fəaliyyəti əlaqələndirən” sözlərindən sonra “, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 3.1.16-1-ci yarımbənd əlavə edilsin:
“3.1.16-1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində siyasətin formalaşmasında iştirak etmək və risklərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nin 5.8-2-ci bəndinə əsasən təqdim edilmiş statistikadan istifadə etmək;”.
Bundan əlavə digər fərmanla,
1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nə aşağıdakı məzmunda 5.8-2-ci bənd əlavə edilsin:
“5.8-2. bu Əsasnamənin 5.8-1-ci bəndində nəzərdə tutulan statistik məlumatların aşağıdakılara təqdim edilməsini təmin edir:
5.8-2.1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risklərin qiymətləndirilməsi məqsədilə həmin Qanunla müəyyən edilmiş nəzarət orqanlarına;
5.8-2.2. bu Əsasnamənin 5.8-2.1-ci yarımbəndində nəzərdə tutulan məqsədlərlə yanaşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirakın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə.”. – kimi əlavə edilib.
3-cü fərmanda isə bu deyilir,
1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.70-ci bənddən “, lombardlara” sözü çıxarılsın və həmin bəndə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (lombardlara münasibətdə),” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 5.70-2-ci bənd əlavə edilsin:
“5.70-2. həmin Məcəllənin 598-ci (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə aşağıdakılar baxırlar:
5.70-2.1. notariuslara münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
5.70-2.2. hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
5.70-2.3. qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
5.70-2.4. lotereya və idman mərc oyunları təşkilatçılarına münasibətdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası;
5.70-2.5. daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən şəxslərə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti;”.