“Milli inkişaf prioritetləri artıq Prezident tərəfindən müəyyənləşdirilib”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, büdcə zərfində bu məsələyə xüsusi olaraq diqqət yetirilib: “2030-cu ilə qədər olan sosial və iqtisadi inkişafla bağlı strategiyanın həyata keçirilməsi üçün maliyyələşmə mənbələri müəyyən edilməlidir. Strategiya bizə bəlli mənbələrdən maliyyələşəcək. Mənbələrdən biri dövlət büdcəsi, Dövlət Neft Fondunun vəsaitləri olacaq. Digərləri müxtəlif fondlar, hansısa cəlb edilən vəsaitlər hesabına olacaq. Çox vacib istiqamət isə özəl sektorun vəsaitləri hesabına da maliyyələşmənin həyata keçirilməsidir. Amma bizim öhdəmizə düşəcək məsələ dövlət büdcəsindən vəsaitin icrası məsələsidir. Əlavə dövlət büdcəsi vəsaitinə ehtiyac yaranarsa, 2022-ci ilin dövlət büdcəsinə düzəlişlərin edilməsi istisna edilmir”.