Beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı Azərbaycana kredit xətləri təklif edir.
Bunu maliyyə naziri Samir Şərifov ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və bu ilin I rübünün yekunlarına həsr olunmuş müşavirədə bildirib.
“Bu gün bizə kifayət qədər böyük borc vermək niyyətində olan beynəlxalq qurumlar var. Sizin müəyyən çıxışlarınızdan sonra Avropa İttifaqı 2 milyard avro borcun verilməsi barədə niyyətlərini bildirib. Qurum bu borcu iki bank vasitəsilə – Avropa Yenidənqurma və İnkişaf Bankı, eyni zamanda, Avropa İnvestisiya Bankı vasitəsilə verməyə hazırdır. Digər tərəfdən, başqa beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı yenidənqurma işlərində təcrübələri çox olduğuna görə öz kredit xətlərini bizə təklif edirlər. Asiya İnkişaf Bankı da Azərbaycan hökumətinin təqdim etdiyi proqramlar əsasında kifayət qədər böyük borc ayırmağa hazırdırlar. Burada, belə desək, “top bizim tərəfdədir”. Hansı layihələri seçməyimizdən asılı olaraq, Sizin qarşımızda qoyduğunuz borc çərçivəsi daxilində biz bu vəsaitləri cəlb edə bilərik”, – deyə o, qeyd edib.