Maliyyə naziri Sahil Babayev gələn ildən mərhələli gəlir vergisi güzəştinin tətbiqinə aydınlıq gətirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri deyib ki, gəlir vergisinə tətbiq edilən güzəştin müddəti 2026-cı il yanvarın 1-dən bitirdi.
“Əməkhaqqı gəlirləri ilə bağlı 2026-cı ildə tənzimləməmizi təqdim edəcəyik. Hökumət tərəfindən müvafiq addımlar atılmasaydı, artıq 14 və 25 %-lik gəlir vergisi tətbiq ediləcəkdi. Amma hökumətin konsensus addımı olaraq, ciddi bir güzəşt yenidən irəli sürüldü. Əməkhaqqı alan şəxslərin böyük hissəsini əhatə edən 2500 manata qədər əməkhaqqı alan şəxslərə gələn il 3 % gəlir vergisi tətbiq olunacaq. Dünyada çox nadir ölkədə bu qədər aşağı rəqəmlə gəlir vergisi mövcuddur. Paralel olaraq daimi olaraq gəlir vergisini 7 % müəyyənləşdiririk. 2026-cı ildə 3 %, 2027-ci ildə 5 %, 2029-cu ildə isə 7 % gəlir vergisi tətbiq ediləcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 manata qədər maaş alanlarda 7 %, 8000 manata qədər 10 %, 8000 manatdan yuxarı isə 14 % müəyyən ediləcək. Bunun özü də çox böyük güzəştdir. Düşünürük ki, bu da özəl sektorun inkişafı üçün kifayət qədər müsbət bünövrə və şərait yaradır”, – deyə nazir bildirib.


                                    





